Politicon.co

Gürcüstanda pandemiya, dövlət və kilsə

Gürcüstanda pandemiya, dövlət və kilsə

Koronavirus pandemiyası dövründə ruhanilərin bir sıra ictimai ayinləri ləğv etməkdən imtina etməsi və dövlətin məhdudlaşdırıcı tədbirləri Gürcüstanın Pravoslav Kilsəsinə tətbiq edə bilməməsi bir çox müzakirə və tənqidlərə səbəb oldu. Siyasi ekspert, beynəlxalq münasibətlər üzrə doktor və Gürcüstan Texniki Universitetinin professoru Amiran Xevtsuriani yaranmış vəziyyət barədə fikirlərini  bölüşür.

 

Pandemiya və hökumətin məhdudlaşdırıcı tədbirləri fonunda Pasxa bayramı da daxil olmaqla dini ayinlərin davam etdirilməsində Kilsə israrının səbəbi nə idi?

Gürcüstan dünyəvi dövlət olsa da, gürcü xalqı 4-cü əsrdən bəri xristian (pravoslav) dininə etiqad edir. Əhalinin əhəmiyyətli hissəsi qatı dindardır. Bu amilə əsaslanan Gürcüstan Pravoslav Kilsəsi ölkənin ən nüfuzlu qurumudur.

Pandemiya səbəbi ilə dünyanın başqa yerlərində demək olar ki, bütün dini konfessiyalar öz təşkilatlarını bağlamış, dini bayramların hamısını ləğv etmiş və dindarları evdə qalmağa çağırmışdır. Lakin Gürcüstan Pravoslav Kilsəsi istisnadır. Gürcü din xadimləri  birmənalı şəkildə bildirmişdilər ki, Pasxa zamanı kilsələrin heç biri bağlanmayacaq və məsafə qaydalarına əməl olunmaqla  mərasimlər həyata keçiriləcəkdir. Kilsənin ölkə daxilindəki nüfuzunu nəzərə alaraq onun qərarlarının motivini anlamaq çətindir. Eyni zamanda, qeyd etmək lazımdır ki, Gürcüstanda fəaliyyət göstərən bütün digər dini qruplar hökumətin  tövsiyələrini birmənalı şəkildə yerinə yetirmişlər.

Bəs nəyə görə hökumət Kilsənin qabağından geri çəkilərək kompromisə razılaşdı? Ümumiyyətlə, hakimiyyətin Kilsəni qadağalar və məhdudlaşdırıcı tədbirlərdən azad etməklə ikili standartlara necə yol verir?

Dünyəvi hökumətlərin kilsə ilə qarşıdurmadan qaçması Gürcüstanın yaxın keçmişi üçün qeyri-adi hal deyil. Bu dəfə də eyni şey baş verdi. Səbəbini bilmirəm, amma görünən odur ki, ölkənin baş epidemioloqları əhalini kilsələrə getməməyə çağırdığı vaxt hakimiyyət ali dini xadimləri inandıra bilmədi. Eyni zamanda bəzi müxalifət partiyaları və ekspertlər hesab edirlər ki, hökumətin passivliyi bu payızda keçiriləcək parlament seçkiləri ilə əlaqəli ola bilər. Ümumiyyətlə, seçkilər ərəfəsində hakimiyyətin kilsənin dəstəyinə ehtiyacı olması Gürcüstan üçün normal haldır.

Kilsənin Pasxa xidməti də daxil olmaqla fəaliyyətini davam etdirməsinə adi vətəndaşlar şifahi şəkildə, mediada və sosial şəbəkələrdə necə reaksiya verdilər?

Belə bir vəziyyətdə, kilsənin iradəsinə qarşı çıxmağa cəsarət etməyən hakimiyyət nadir hallar istisna olmaqla minik avtomobillərini qadağan etməklə fövqəladə vəziyyət rejimini sərtləşdirmək qərarına gəldilər. Bu qərar, şübhəsiz ki, adi vətəndaşların narazılığına səbəb oldu, çünki bu, onsuz da onların çətin durumunu daha da mürəkkəbləşdirdi. Nəticə etibarilə dindarların böyük əksəriyyəti evdə qalmaq və dini mərasimlərə getməməklə yüksək sosial məsuliyyət nümayiş etdirdilər.

Kilsə ətrafındakı bu vəziyyətlə, həmçinin lokaut zamanı ruhanilərə verilən imtiyazlar və istisnalar Kilsənin nüfuzuna necə təsir edə bilər?

Kilsənin belə bir qərarı cəmiyyətin qarışıq reaksiyasına səbəb oldu. Uzun illər ərzində ilk dəfə cəmiyyətin müəyyən bir hissəsi, yumşaq desək, bu qərarın mahiyyətini başa düşə bilmədi və onunla razılaşmadı. Ancaq bu məsələdəki əsas problem hökumət qurumlarının və kilsənin dövlət üçün belə çətin anlarda konsensus əldə etmək bacarığı nümayiş etdirə bilməməsidir.


DİGƏR YAZILAR