Politicon.co

Ermənistan üçün türkmən qazı?

Ermənistan üçün türkmən qazı?

Ön söz
2019-cu ilin yanvarında “Qazprom” Ermənistan üçün mavi yanacaq qiymətini 10 faiz - hər kub metrə 150 dollardan 165 dollara yüksəltdi. Ermənistan rəhbərliyi Rusiya qarşısında qiymətlərin azaldılması məsələsini bir neçə dəfə qaldırsa da heç bir nəticə əldə olunmamışdır. Qiymət artımını rəsmi Moskva ilə münasibətlərdəki geriləmənin və Ermənistanın Rusiyanın rəhbərlik etdiyi təşkilatlarda (məs. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) əvvəlki nüfuzunu itirdiyinin əyani sübutu kimi də başa düşmək olar.1 Ümumilikdə qaz faktoru ikitərəfli münasibətlər üçün olduqca həssas məsələdir və İrəvanla Moskva da bunun fərqindədirlər. Qiymət artımı Ermənistan siyasi çevrələrində qaz idxalının diversifikasiyası, xüsusilə 2017-ci ildən bəri müzakirə olunan türkmən qazının alınması məsələsini yenidən gündəmə gətirmişdir. 

Xatırlamaq yerinə düşər ki, Ermənistanın mübadilə (swap) yolu ilə qaz almaq təcrübəsi var. SSRİ-in dağılmasından sonra ilk illərdə Ermənistan (eyni zamanda Gürcüstan və Azərbaycan) Türkmənistandan bu yolla qaz tədarük etmişdir. Amma o zaman bu layihə Rusiyanın qaz nəqliyyat sistemi vasitəsilə həyata keçmişdir.2 Ermənistan Rusiyanın “Qazprom” şirkəti ilə müqavilə imzalayana qədər – 1990-cı illərdə Türkmənistan onun əsas qaz təchizatçısı idi. Nəticədə adı çəkilən şirkət Ermənistanın qaz ehtiyacının 80%-ni ödəyərək onun Rusiyadan enerji asılılığını artırdı. Hazırda Ermənistana idxal olunan qazın qalan hissəsi (20%-ə qədəri) İrandan gəlir. Bəzi illərdə (məsələn, 2016) bu nisbət dəyişərək, məsələn 87-13 təşkil edə bilər.  

Türkmənistanın İrana qaz ixracı
Hal-hazırda Türkmənistanın yeganə qaz ixrac etdiyi ölkə Çindir.Qaz ixracatında digər istiqamət TAPİ (Türkmənistan, Əfqanıstan, Pakistan, Hindistan) kəməridir ki, tikintisi davam edir.4 Lakin Əfqanıstanın bəzi ərazilərindəki qeyri-sabit vəziyyət tikinti sürətini ləngidir.5 Türkmənistanın Rusiyaya qaz nəqli 2014-cü ildən etibarən, İrana qaz ixracı isə borc məsələsinə görə 2017-ci ildən dayandırılmışdır.  Belə ki, Türkmənistan İranın on ili aşan bir müddətdə borcunu (1,8 milyard dollar) ödəmədiyini əsas gətirərək 2017-ci il yanvarın ilk həftəsindən qaz verilişini dayandırmışdır.6 Qeyd etmək lazımdır ki, ölkə 1997-ci ildən etibarən, xüsusilə də qış aylarında Türkmənistan qazından şimal əyalətlərinin qaz ehtiyacının ödənilməsi üçün istifadə edirdi. İran məsələnin arbitraj ilə həll olunmasına üstünlük verdiyini bildirir. Bu ilin yanvar ayının sonuna doğru Türkmənistan xarici valyuta ilə əlaqədar iqtisadiyyatında yaranan boşluqları doldurmaq üçün yenidən İrana qaz verilməsini bərpa etmək istədiyini bildirdi.  İran Milli Qaz Şirkətinin məlumatına görə Türkmənistanın əsas məqsədi İran qaz kəmərindən istifadə etməklə Azərbaycan və Ermənistana gündəlik 15 milyon kub metr qazın göndərilməsinə nail olmaq idi. 

Ermənistan üçün Türkmənistan qazı
Hazırda Ermənistan üçün alternativ qaz idxal marşrutlarından biri də Türkmənistan hesab edilir. Türkmənistandan İran vasitəsilə Ermənistana qaz nəqli artıq uzun illərdir ki, müzakirə mövzusudur. 

“Türkmənistan Ermənistanı Cənubi Qafqazda özünə vacib partnyor və Asiyadan Avropaya körpü olaraq görür,” – deyə Türkmənistan Xarici İşlər Nazirliyinin Avropa Departamentinin sədri Sərdar Durdıyev bir neçə il əvvəl Ermənistanın yerli saytlarından birində müsahibəsində qeyd etmişdi. Həmin vaxt (2017) heç bir dəqiq plan olmasa da, türkmən qazının Ermənistana mübadilə (swap) yolu ilə idxalı imkanları artıq müzakirə edilirdi. Məsələn, 2017-ci il Ermənistanın baş naziri Karen Karapetyanın İrana səfəri zamanı müzakirə olunmuş, İran bu istiqamətdə əməkdaşlığa hazır olduğu bildirmişdir.7

2018-ci ilin mart ayında İran prezidentinin Aşqabada səfəri zamanı iki ölkə rəhbəri arasında türkmən qazının yeni bazarlara çıxarılması barəsində danışılmışdır. Türkmənistan tərəfi bu layihə çərçivəsində yeni bazarlara çıxacağı və enerji gəlirlərini diversifikasiya edə biləcəyi üçün layihəyə müsbət yanaşmışdır.8

2019-cu ilin avqustunda 12-də Türkmənbaşı şəhərində 5 ölkənin iştirakı ilə baş tutan 1-ci Xəzər İqtisadi Forumunda İran nümayəndə heyəti mübadilə əməliyyatları çərçivəsində ölkəsinə məxsus qaz infrastrukturu vasitəsilə qonşu dövlətləri türkmən qazı ilə təmin edə biləcəyi fikrini bildirmişdi. Rəsmi İrəvan üçün olduqca cəlbedici görünən9 layihəyə əsasən rəsmi İrəvanın, İranın Türkmənistanla sərhəd vilayətlərində idxal edəcəyi təbii qazla eyni həcmdə mavi yanacağı İran-Ermənistan sərhəddindən alması planlaşdırılırdı. 

Məsələ bir daha 2019-2020-ci ilin qışında yenidən gündəmə gəlmişdir. Ermənistan parlamentinin Regional və Avrasiya inteqrasiyası məsələləri daimi komissiyasının sədri Mikayel Melkumyan 18 dekabr 2019-cu ildə parlamentdəki çıxışında Türkmənistandan təbii qazın alışının nəzərdə tutulduğunu və bu barədə danışıqlar getdiyini bildirmişdi.10 Melkumyan, Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur naziri Suren Papikyanın İrana son səfəri zamanı İranın enerji naziri ilə görüşdüyünü və təbii qazın alınması məsələsinin nəzərdən keçirildiyini bildirmişdi. Bundan əlavə, onun sözlərinə görə, əsas məqsədlərdən biri Türkmənistan və Rusiya arasında İran, Ermənistan və Gürcüstandan keçən vahid enerji dəhlizi yaratmaqdır. Bundan əlavə, Melkumyan Ermənistanın İran vasitəsilə mümkün potensialdan 3 dəfə az qaz idxal etdiyini də vurğulamış11 və İranın da sözügedən layihənin həyata keçirilməsində maraqlı olduğunu bildirmişdir.12 Ermənistanın Türkmənistanda səfiri Artaşes Tumanyan da Ermənistan parlamentindəki müzakirələrlə əlaqədar Ermənistanın Türkmənistandan qaz ala və onun qiymətinə görə hətta İran qazından ucuz başa gələ biləcəyini qeyd etmişdir. 

Əgər layihə həyata keçirilərsə, Türkmənistanın birbaşa deyil, dolayı yolla Ermənistanı qazla təmin etməsi gözlənilir. Proses türkmən qazının İranın Mazandaran əyalətinə verilməsi və qarşılığında İrəvana eyni həcmdə İran qazının nəql olunmasını özündə ehtiva edir. Bundan əlavə, 2019-cu ilin yayında Aşqabadda Türkmənistanın qaz və neft məhsullarının Ermənistana ixracının artırılması məsələsi də geniş müzakirə olunmuşdur.13

Layihənin çətinlikləri
Bütün bunlara baxmayaraq, məsələnin bir sıra çətinlik yarada biləcək tərəfləri də var. Bunlardan biri də İran və Türkmənistan arasındakı ziddiyyətli borc məsələsidir. Türkmənistan, mübadilə əməliyyatları çərçivəsində ödənilməyən qaz borcu səbəbi ilə Beynəlxalq Arbitraj Məhkəməsində İrana qarşı hüquqi iddia qaldırıb. Məhkəmənin qərarı ilə İran Türkmənistana olan qaz borcuna görə təxminən 2 milyard dollar ödəməlidir.14

Bəs İran özü real və potensial qaz ehtiyatlarına görə dünyanın lider ölkəsi olduğu halda, niyə Türkmənistan qazına ehtiyac duyur? İran milli qaz şəbəkəsinə qoşulmayan şimal-şərq əyalətlərinin qaza tələbatını ödəmək üçün türkmən qazını almağa məcburdur. Həmin bölgələrində paylayıcı infrastruktur zəifdir, buna görə də qazın hasil edildiyi körfəzdən oraya mavi yanacaq ötürmək çox çətindir. Bu səbəbdən də 2010-cu ildə "Dostluq” kəmərinə əlavə olaraq Türkmənistanın Dövlətabad qaz yatağından İrana illik gücü 6 mlrd. kub metr olan əlavə qaz kəməri (Dövlətabad-Səraxs-Hanqeran xətti) çəkilib.15 Məlumat üçün, Rusiya da Şimali Qafqaz üçün Azərbaycandan oxşar kəmərlə qaz idxal edir. Mozdok- Qazıməmməd qaz kəməri Dağıstanın əsas qaz təchizatı mənbələrindən biridir.16

Lakin, 2017-ci il yanvarın 1-dən etibarən İrana qaz tədarükü məhdudlaşdırılmışdır. Hər gün borcun üzərinə əlavə 240 min dollar gəlir və İranın Türkmənistana borcu artmaqda davam edir. Məhz buna görə də, son illərdə Türkmənistandan İrana ixrac olunan qaz həcmi əhəmiyyətli dərəcədə aşağı enib və 2019-cu ildə ümumiyyətlə qaz tədarükü həyata keçirilməyib. 

Yaranmış borc məsələsi Ermənistan-Türkmənistan arasında ehtimal olunan əməkdaşlığın etibarlılığını şübhə altına qoyur. Əgər Türkmənistan ilə Ermənistan arasında enerji məsələsində anlaşma əldə olunarsa, layihəyə investisiya qoyuluşu gündəmə gələ bilər. Çünki Türkmənistandan Ermənistana qazın nəqli üçün texniki problemlərin aradan qaldırılması labüddür. Lakin layihəyə tələb olunan investisiyanın hansı ölkə tərəfindən maliyyələşdiriləcəyi müəmmalı olaraq qalır. 

Digər məsələ isə Ermənistanın Rusiyadan idxal etdiyi təbii qazın qiyməti digər potensial təchizatçıların təklif etdiyi qiymətdən daha ucuz olmasıdır. Məsələ ilə bağlı keçmiş Energetika Naziri Aşot Manukyan jurnalistlərə müsahibəsində alternativ təbii qaz ixracatçılarının (İran və Türkmənistan) təklif etdiyi qiymətlərin uyğun olmaması nəticəsində aparılan danışıqlarda hər hansı irəlliləyişin olmadığını təkidlə bildirmişdir. 

Digər tərəfdən, Ermənistanın İran və Gürcüstan arasında təbii qaz habına çevrilməsi iddiası hal-hazırda ABŞ-İran münasibətlərində yaşanan gərginlik kontekstində qeyri-real görünür. Belə ki, İranın yeni enerji bazarlarına çıxışı və Amerikanın regionda əsas müttəfiqi hesab edilən Gürcüstanın enerji təminatında önəmli oyunçuya çevrilməsi rəsmi Vaşinqtonun maraqlarına ziddir.

Lakin mübadilə əməliyyatı ilə Ermənistanın idxal edəcəyi təbii qazın qiyməti, həcmi və ödəmə üsulu ilə bağlı hələ də razılıq əldə olunmayıb.17 Hazırda enerji bazarlarında yaşanan böhran nəticəsində sosial-iqtisadi vəziyyəti zəifləyən Türkmənistan üçün enerji ticarətinin bazar qiymətinə uyğun və nəğd hesablaşma əsasında aparılması prioritet hesab edilir. Ermənistanın yetərli maliyyə imkanlarının olmaması səbəbi ilə Türkmənistandan əhəmiyyətli həcmdə qaz idxal etməsi real deyil. Eyni zamanda, əgər iki ölkə arasında hazırkı İran-Ermənistan boru kəməri ilə türkmən qazının nəqli barəsində razılıq əldə olunsa belə, məsələ ilə bağlı kəmərin sahibi olan “Qazprom” şirkətinin rəyi həlledici rol oynayacaq.

Bundan başqa, Ermənistanın ümumi olaraq təbii qaz paylama şəbəkəsinin və hətta İran-Ermənistan qaz boru xəttinin Rusiyanın “Qazprom” şirkətinin  mülkiyyətində olması rəsmi İrəvanın müstəqil qərar qəbul etməsini əngəlləyən əsas faktor olaraq qalır.

 

İstinadlar

[1] https://eurasianet.org/russia-raises-gas-prices-for-armenia-in-the-new-year

[2] https://orient.tm/en/armenian-ambassador-to-iran-offered-to-buy-the-turkmen-gas-through-swap-schemes

[3]https://en.m.wikipedia.org/wiki/Turkmenistan%E2%80%93Afghanistan%E2%80%93Pakistan%E2%80%93India_Pipeline

[4]https://en.m.wikipedia.org/wiki/Turkmenistan%E2%80%93Afghanistan%E2%80%93Pakistan%E2%80%93India_Pipeline

[5] https://www.thenews.com.pk/print/584192-tapi-gas-line-turkmenistan-to-provide-insurance-for-gas-passing-through-afghanistan

[6] https://www.aa.com.tr/en/energy/natural-gas/turkmenistan-halts-gas-exports-to-iran/4225

[7] https://jam-news.net/az/erm%C9%99nistan-iran-v%C9%99-turkm%C9%99nistandan-qaz-almaq-imkanlari-axtarir

[8] https://eurasianet.org/turkmenistan-iran-talk-gas-swap-deals

[9] https://orient.tm/en/armenian-ambassador-to-iran-offered-to-buy-the-turkmen-gas-through-swap-schemes/

[10] https://oxu.az/economy/354475

[11]https://vestnikkavkaza.net/news/Armenia-to-replace-Russian-gas-with-Turkmen-supplies.html

[12] https://business.com.tm/post/4878/armenia-holds-negotiations-on-purchase-of-turkmen-natural-gas

[13] https://orient.tm/en/armenian-ambassador-to-iran-offered-to-buy-the-turkmen-gas-through-swap-schemes

[14] http://gadtb.com/bey%C9%99lxalq-m%C9%99hk%C9%99m%C9%99-iranin-turkm%C9%99nistana-2-milyard-dollar-od%C9%99m%C9%99sin%C9%99-q%C9%99rar-verdi

[15] https://kaspi.az/az/turkmenistan-iran-qarsidurmasi-derinlesir

[16] http://interfax.az/view/597594/az

[17] https://news.am/eng/news/556818.html

 

 


DİGƏR YAZILAR