Politicon.co

Erməni soyqırımı, yoxsa erməni yalanı?

Erməni soyqırımı, yoxsa erməni yalanı?

27 sentyabr 2020-ci il tarixində Azərbaycan ordusu 30 ilə yaxındır işğal altında olan torpaqlarını azad etmək üçün əks-hücum əməliyyatına başladı. Bu hücum qarşısında həm Ermənistan rəhbərliyi, həm də  Ermənistan ordusunun aciz durumda qaldığı danılmaz faktdır. Ermənistan rəhbərliyi son model herbi texnikalarla təchiz olunmuş Azərbaycan ordusu qarşısında Ermənistan rəhbərliyi müqavimət göstərə bilməyəcəyini anlayıb müxtəlif yollara əl atmağa başladı. Dünya liderləri ilə görüşlər keçirərək atəşkəsə nail olmaq, eləcə də Rusiyanı gedən proseslərə cəlb etmək cəhdləri buna nümunədir. İrəvan tərəfi Azərbaycan ordu sıralarında Yaxın Şərqdəki münaqişə bölgələrindən gətirilən muzdlu əsgərlərin döyüşdüyünü iddia etsə də bunu dəlillərlə sübut edə bilmir. Azərbaycanın Qarabağda yaşayan erməni mülki əhalini hədəfə alması isə ermənilərin uydurduğu başqa bir cəfəngiyyatdır. Bu iddialarından nəticə əldə edə bilməyən Ermənistan yenə də mülki əhalini hədəf alaraq Gəncə başda olmaqla bir sıra şəhərlərimizdə dağıntılara səbəb oldu. Bu dəfə yenidən onlar 1918 və 1992-ci illərdə olduğu kimi azyaşlıları və qadınları hədəf almaqdan çəkinmədilər. Beynəlxalq ictimaiyyətin bu terror aktlarına səssiz qalması bizi düşünməyə vadar edir. Necə olur ki, terror fəaliyyətində iştirak edib, bunun həyata keçirilməsi üçün maliyyə fondları təşkil edən Ermənistan beynəlxalq ictimaiyyətdə məzlum rolunu oynayır? Tarixə nəzər saldıqda bunun ilk dəfə olmadığını, XIX əsrdən bəri davam edən proses olduğunu görürük. Belə hadisələrdən biri də ermənilərin hər il 24 apreldə qeyd etdiyi qondarma erməni soyqırımıdır. Həmin illərdə əslində nələrin baş verdiyi, Türk-Osmanlı tarixində önəmli yer tutan erməni məsələsinin tarixi inkişaf yolu bu yazıda əks olunub.

Osmanlı dövlətində erməni məsələsinin ortaya çıxması
Uzun müddət Osmanlı sərhədləri daxilində digər qeyri-müsəlmanlara göstərilən hörmət və şəraitin ermənilərə də şamil olunmasına baxmayaraq, erməni məsələsi Osmanlı dövlətində 19-cu əsrin sonlarında ciddi problem kimi ortaya çıxdı. 1830-cu ildə katolik ermənilər və 1850-ci ildə protestant ermənilər ayrı camaatlar olaraq dövlət tərəfindən tanınmışdı. Eyni zamanda, bir sıra sosial məqsədləri ön planda tutan təşkilatların açılmasına icazə verilmişdi. I Pyotrun vəsiyyətinə hər zaman sadiq qalan Çar Rusiyasının sonrakı rəhbərlərinin əsas məqsədi isti dənizlərə çatmaq idi. Ruslar bu məqsədə çatmaq üçün ermənilərdən istifadə edərək Şərqi Anadolu ərazisini ələ keçirmək niyyətində idilər. Bu məqamda ermənilərin onlarla uzun müddət xoş rəftar etmiş Osmanlıların deyil, rusların tərəfində olduğu bariz şəkildə görünürdü. İlk olaraq, 1828-1829-cu illərdə baş verən Rus-Osmanlı müharibəsində bu iki dövlətin sərhəd bölgəsində yaşayan ermənilər Osmanlıya qarşı ruslarla birləşir. Təbii ki, bu hal Osmanlı hökuməti tərəfindən xoş qarşılanmır. Beləliklə, İstanbulda erməni məsələsinin təməl daşları qoyulur.

Beynəlxalq arenada erməni məsələsinin ortaya atılması isə bir az sonraya, 1877-1878-ci il Rus-Osmanlı müharibəsini yekunlaşdıran San-Stefano və Berlin müqavilələrinə təsadüf edir. San-Stefano müqaviləsində Rusiyanın sadəcə öz mənfəətlərini nəzərə alması qərbdəki böyük gücləri narahat edirdi. Buna görə də, 13 iyun 1878-ci ildə Otto fon Bismarkın rəhbərliyində bir ay davam edəcək Berlin Konqresi toplandı. Konqresin sonunda imzalanan Berlin müqaviləsinin 64 maddəsindən biri də məhz ermənilərlə bağlı idi. Belə ki, Osmanlı dövləti ermənilərin yaşadığı şərq vilayətlərində islahat keçirmək öhdəliyini qəbul edirdi. Berlin müqaviləsindən sonra ingilislər erməni məsələsi ilə daha çox maraqlanmağa başladı. Erməni patriarxı İngiltərənin İstanbuldakı səfiri Henri Elliotu ziyarət edib ermənilərə verilə biləcək imtiyazlarla bağlı öz istəklərini dilə gətirmişdi. Patriarxın səfirə dediyi bu fikir ermənilərin məkrli düşüncələrini ortaya çıxarırdı: “Erməni xalqı ən çox bunu düşünür. Əgər Avropa dövlətlərinin diqqətini çəkmək üçün üsyan çıxarmaq lazımdırsa, bunu etmək qətiyyən çətin deyil”. Paytaxt İstanbulda islahat məsələsi müzakirə olunduğu bir zamanda ermənilər təşkilatlanmağa başladılar. 1887-ci ildə qurulan Hnçak və 1890-cı ildə qurulan “Daşnaksütyun” Partiyaları ermənilər tərəfindən idarə olunmuş ən önəmli təşkilatlar idi. İsveçrədə qurulan “Hnçak” Partiyasının məqsədi “Türkiyə Ermənistanı” adlandırdıqları torpaqları azad etmək, onu rus ve İran Ermənistanı ilə birləşdirərək müstəqil Ermənistan yaratmaq idi. “Daşnaksütyun” komitəsi isə Cənubi Qafqazda yaradılmışdı. Bu partiyanın məqsədi daha çox silah gücü ilə hədəflərinə çatmaq idi. 1890-cı ildən bəri baş verən çox sayda terror aktının arxasında bu iki partiya dayanırdı. Ərzurum hadisələri (1890), Birinci Sason üsyanı (1894), “Bab-ı Ali” nümayişi (1895), Osmanlı Bankına basqın (1896) kimi hadisələr bu partiyaların dəstəyi ilə həyata keçirilmişdi. Sultan II Əbdülhəmidə qarşı təşkil olunmuş sui-qəsd isə bunlardan ən önəmlisidir. Tarixə “Ulduz sui-qəsdi” kimi düşən bu hadisədən II Əbdülhəmid xəsarət almadan qurtulsa da, ətrafda olan 26 nəfər həlak olmuş, 58 nəfər isə yaralanmışdı. Hadisələrin arxasında “Daşnaksütyun” komitəsi dayanırdı.

29 oktyabrda “Yavuz Sultan Səlim” və “Midilli” gəmilərinin Krımda yerləşən rus limanlarını bombalaması ilə Osmanlı dövləti də I Dünya müharibəsinin iştirakçısına çevrildi. Antanta dövlətlərinin Osmanlıya müharibə elan etməsi ilə 11 noyabr 1914-cı ildə Osmanlı da bu dövlətlərə qarşı mübarizəyə qoşulur. Digər müharibə iştirakçılarından fərqli olaraq, Osmanlılar sadəcə cəbhədə mübarizə aparmırdı. Qeyri-müsəlmanlar, əsasən də ermənilərin Osmanlı üçün problemlər yaratması qaçınılmaz idi. Bu problemlərin qarşısını böyümədən almaq istəyən Osmanlı hökuməti erməni başçılarla danışıqlara başladı. İlk olaraq, Osmanlı qanunverici orqanı Məclis-i Məbusanın rəisi Xəlil Bəy erməni millət vəkillərinə xəbərdarlıq edir. Tələt Paşa da vəkillərlə görüşərək dövlətin ermənilərdən istədiklərini dilə gətirmişdi.  Bundan sonra isə Ənvər Paşa erməni patriarxı ilə görüşərək üsyanlara son verilməsini, erməni xalqından sədaqət gözlədiklərini bildirmişdi. Diqqət çəkən məqam bundan ibarətdir ki, həm erməni vəkillər, həm də erməni patriarxı hadisələrdən bixəbər olduqlarını, kilsənin və komitələrin bu hadisələrlə əlaqəsi olmadığını ifadə edirdilər. Əlbəttə ki, onlar həqiqəti danışmırdılar. Çünki erməni komitələrə bağlı fəaliyyət göstərən məktəblər, kilsələr silah anbarları və komitə yığıncaqları üçün görüş yeri kimi istifadə olunurdu. 2 avqust 1914-cü ildə səfərbərlik elan olunduqda İstanbulda yerləşən Daşnaksütyun Komitəsinin mərkəzində və digər önəmli erməni komitələrində təcili toplantılar keçirilmiş, baş verəcəklərə görə necə hərəkət etməklə bağlı müzakirələr edilmişdi. İlk ehtimal belə idi ki, rus ordusu Osmanlı sərhədlərini keçdikdə həmin ərazidə yaşayan ermənilər güclü üsyanlar təşkil edəcəkdi. Digər ehtimalda isə əgər Osmanlı ordusu irəliləyərsə ordudakı erməni əsgərlər fərarilik edib rus ordusuna qatılacaqdı. Əlavə olaraq, səfərbərlik qərarına da erməni xalqı öz etirazını bildirəcəkdi. Kənardan baxdıqda isə tamamilə fərqli görüntü var idi. Erməni patriarxı kilsədə Osmanlı ordusunun qələbələri üçün dualar edib, sözün əsl mənasında Osmanlı hökumətini aldatmaq istəyirdi.  Göründüyü kimi, bir müddət Osmanlı hökuməti şifahi xəbərdarlıqlarla kifayətlənib, ağır tədbirlər almaqdan çəkinirdi. Lakin Şərqi Anadoluda ermənilərin arasıkəsilməz üsyanları Osmanlı dövlətini qeyri-müsəlmanların tərk-silah olunması qərarını verməyə vadar etdi. Bu qərarda əsas məqsəd ermənilərin silahlı üsyanlarının qarşısını almaq idi. Lakin bu tədbir o qədər də effektiv olmadı, çünki ermənilərin öz evlərində gizlətdiyi silah-sursatlarla yenidən üsyan təşəbbüsü hiss edilirdi. 

Erməni komitələrin bağlanması qərarı
1915-ci ilin ilk aylarından etibarən Şərqi Anadolu bölgəsində erməni üsyanlarında böyük artım müşahidə olunurdu. Buna səbəb olaraq isə Şərqi Anadoluda bir sıra stratejik əhəmiyyətə malik ərazilərin rusların əlinə keçməsi və Sarıqamışda Osmanlı ordusunun ağır məğlubiyyəti göstərilir. Bir neçə cəbhədə mübarizə aparan Osmanlı dövləti əlavə olaraq üsyanlarla da məşğul olmaq istəmirdi, buna görə də onların təşkilatçıları olan erməni komitələrinin ləğvi zəruri idi. 24 aprel 1915-ci ildə Osmanlı hökumətinin 14 vilayətə göndərdiyi təlimatda ermənilərə aid olan komitələrin bağlanması, komitə başçılarının və müxalif fəaliyyətdə iştirak edən ermənilərin həbsinə qərar verilmişdi. Beləliklə, paytaxt İstanbulda komitələrlə əlaqəsi olan  610 nəfərdən 235 nəfər həbs olundu. Həbsolunma müddətində ölüm hadisələrinə rast gəlinməmişdir. Komitə üzvlərinin həbsi ilə başsız qalan ermənilər əvvəlki kimi üsyanlar təşkil edə bilməyəcəklərini dərk edirdilər. 

Təhcir  Qanunu
Əvvəldə qeyd edildiyi kimi, 1915-ci ilin əvvəllərində Qafqaz Cəbhəsində rusların nailiyyətlərinin səbələrindən biri erməni üsyanları idi. Bu üsyanlarda Osmanlı ordusuna mənsub əsgər və zabitlər üsyançılar tərəfindən qətlə yetirilirdi. Tələt Paşanın ifadə etdiyinə görə, ermənilər ordunun hərəkətini ləngidir, ordu üçün zəruri olan avadanlıqların daşınmasında çətinliklər yaradırdılar. Hadisələrin gedişatından narahat olan Osmanlı hökuməti komitələrin bağlanmasından sonra yeni tədbirlər almaq məcburiyyətində qaldı. Bu, Şərqi Anadoluda yaşayan ermənilərin həmin bölgədən təxliyyəsi idi. 23 may 1915-ci ildə Tələt Paşanın IV Ordu Komandanlığına göndərdiyi təlimatda Ərzurum, Van, Bitlis vilayətləri və bir neçə sancaqda yaşayan ermənilər Hələb, Mosul, Urfa kimi cənubda yerləşən bölgələrə göndərilməli idi. Bundan narahat olan Rusiya, Fransa, İngiltərə Osmanlı hökumətini erməniləri öldürməklə ittiham etməyə başladı. Bundan sonra isə Osmanlı hökuməti bu təlimatı qanun halına çevirib 27 may 1915-ci ildə “sevk ve iskan” adı ilə qəbul etdi. 1 iyun 1915-ci ildə “Takvim-i Vakayi”də yayımlanan qanuna nəzər yetirdikdə ermənilərdən və ya başqa bir millətdən bəhs edilmir.  Qanundakı maddələrə əsasən, ordu hökumətin əmrlərinə qarşı çıxanlar üçün tədbir görməyə məcburdur. Orduya xəyanət edən, casusluq fəaliyyətində iştirak edən kənd və qəsəbə xalqı təxliyyə edilməlidir. Təxliyyə edilən əhalinin  sayı ilə bağlı konkret fikir ifadə etmək çətindir. Təxmini olaraq 800 min nəfərin təxliyyə edildiyi ifadə olunur. Lakin təxliyyə zamanı Osmanlı hökuməti həmin şəxslərin ehtiyaclarının qarşılanması məsələlərinə diqqət yetirirdi. Ailə başçısı olmayan ailələrin təxliyyə olunmaması üçün şərait yaradılmışdı.            

Nəticə
Birinci Dünya Müharibəsinə çətin şərtlər altında girən Osmanlı dövləti Qafqaz Cəbhəsində ruslarla yanaşı, ermənilərlə də mübarizə aparmaq məcburiyyətində qalır. Bu məsələnin tək çıxış yolu həmin ərazilərdə yaşayan ermənilərin təxliyyəsi idi. Belə bir tədbiri biz İkinci Dünya Müharibəsində də müşahidə edirik. 1944-cü ildə Axısqa türkləri çox qısa bir zaman ərzində Stalinin əmri ilə Orta Asiyaya sürgün edildi. Əlbəttə, Axısqa türklərinin sürgünü ilə ermənilərin təxliyyəsini eyniləşdirmək olmaz. Çünki, Axısqa türkləri heç bir üsyan cəhdi etməmiş, müharibədə iştirak belə etməyən Türkiyə ilə əlaqə yaratmamışdı. Amma ermənilər ruslara yardım edirdi, Osmanlı ordusu üçün problemlər yaradırdı. Beynəlxalq ictimaiyyət Axısqa türklərinin sürgünü ilə bağlı heç bir fikir bildirmədiyi halda, ermənilərin yalanları dövlət səviyyəsində tanınır, bu mövzuda təbliğatlar aparılır. Mustafa Kamal Atatürkün başladığı qurtuluş hərəkatı sayəsində ingilislərin, fransızların və ən əsası da ermənilərin planları suya düşmüşdü. Amma onlar öz əməllərindən, torpaq iddialarından əl çəkmək istəmirlər.  Elə həmin illərdən etibarən ermənilərdə türk xalqına qarşı nifrət hissi formalaşmışdı. Ermənilərin təxliyyəsi qərarını verən Tələt Paşa 1921-ci ildə Berlində Soqomon Teyliryan tərəfindən öldürülmüşdü. Müasir dövrdə də Soqomon Teyliryan erməni xalqı üçün böyük qəhrəman hesab edilir. Hal-hazırda Ermənistanın Maralik qəsəbəsində Soqomon Teyliryana heykəl qoyulub. Heykəldə Tələt Paşa sözün əsl mənasında təhqir edilmişdir. Bu heykəl ermənilərin aciz, soyqırımına məruz qalmış bir millət yox, əksinə şovinist, qatı türk düşməni bir millət olduğunu nümayiş etdirir. 

 


Biblioqrafiya:
1.    C. ERASLAN, "Ermeni Komiteleri, Propagandaları ve Osmanlı Devletinin Aldığı Tedbirler," Uluslararası Türk-Ermeni İlişkileri Sempozyumu , İstanbul, Turkey, pp.197-207, 2001
2.    https://avim.org.tr/tr/Analiz/ERMENISTAN-DA-TERORIST-SEMPATIZANLIGI-II
3.    https://www.sabah.com.tr/yazarlar/erhan-afyoncu/2017/04/23/komitelerle-mucadele-24-nisanda-basladi
4.     K. BEYDİLLİ, “TEHCÎR”, TDV İslâm Ansiklopedisi, https://islamansiklopedisi.org.tr/tehcir (25.10.2020)
5.    S. BEYOĞLU, “1915 Tehciri ve Soy Kırımı İddiaları”, Uluslararası Türk-Ermeni İlişkileri Sempozyumu , İstanbul, Turkey, 2001
6.    S. CAN, "YILDIZ CAMİİ",TDV İslâm Ansiklopedisi, https://islamansiklopedisi.org.tr/yildiz-camii  (25.10.2020).


DİGƏR YAZILAR