Politicon.co

Azərbaycanın sosialist keçmişi və onun kölgəsi

Azərbaycanın sosialist keçmişi və onun kölgəsi

Sovet Azərbaycanında propaqanda məqsədli plakat. Rus dilində yazılıb: “1936-cı ildə biz Sovet Azərbaycanını tam savadlı bir ölkəyə çevirəcəyik.”

Noyabr ayının 25-də Kuba inqilabının lideri Fidel Kastro vəfat etdikdə onun siyasi və iqtisadi irsi olan Kuba barəsindəki müzakirələr yenidən başladı. Soyuq Müharibə dövrünün ruhu kommunizmin sosial təhlükəsizliyinin kapitalizmin sərvəti olan siyasi plüralizmə qarşı qoyulduğu belə müzakirələri canlandırmış oldu.  Bəs bu əhatəli diskursda biz azərbaycanlılar haradayıq? Biz yaxın sosialist keçmişimizi indiki dövrümüzə nə cür uyğunlaşdırırıq? 

Sadəcə 25 il əvvəl SSRİ-dəki ittifaq respublikalardan biri kimi Azərbaycan rəsmi adında “sosialist” sözünü daşıyırdı. Bununla belə, Azərbaycanda sol hərəkatın tarixi 1920-ci ildəki bolşevik işğalından da əvvələ uzanır.

20-ci əsrin başlanğıcında solçu hərəkatlar keçmiş Rusiya İmperiyasında güc qazanırdı. Rusiyanın bir hissəsi kimi Azərbaycan çarlığın inkişaf edən sənaye mərkəzinə - Bakıya sahib idi. Şəhər ən varlı investorlardan ən kasıb fəhlələrə qədər bir çox insanı cəlb edirdi. Dünyadakı ən böyük gəlir bərabərsizliyinə sahib olan, sürətlə çoxalan və hüquqlardan məhrum edilmiş çoxmilləti fəhlə sinfinin mövcud olduğu halda Bakı sənayeləşən Rusiyada başlayan işçi hərəkatlarının mərkəzlərindən biri olmaya bilməzdi. 1904-cü ilin dekabrında kütləvi tətildən sonra maqnatlarla fəhlələrin hüquqları ilə bağlı Mazut Konstitusiyası da adlanan ilk müştərək müqavilə imzalanmışdı. Bu illərdə gələcək yüksək vəzifəli boşevik liderlər, ən əsas Stalin tez-tez Bakıya səfər etmişdi.

1917-ci ilin fevralında Rusiyada monarxiya devrilmiş, oktyabrda isə Bolşevik inqilabı baş tutmuşdu. Bu hadisələrdən sonra 1918-ci ilin may ayında Azərbaycan Demokratik Respublikası (ADR) müstəqilliyini elan etmişdir. Həmin vaxt ölkədə “Müsavat”, menşevik “Hümmət”, panislamçı “İttihad”, sünni “Əhrar” kimi adətən milliyətçi və dini meyilli sosial-demokrat və ya sosialist partiyalar mövcuddu. 120 üzvlük ADR Parlamentində sosial-demokrat yönümlü “Müsavat” (38), “Daşnaksütyun” (7) və “Əhrar” (11) kimi partiyalar 50 yerdən çoxa sahibdi; ifrat solçular isə Sosialist fraksiyasında azı 12 millət vəkili ilə təmsil olunurdu. Bütün sol partiyaların fəhlələrin hüquqları, torpaq islahatları və başqa məsələlərin həllinə yönəlmiş geniş proqramları var idi.

Qısa müstəqillik dövrünün sonunda 1920-ci ildə Azərbaycan Bolşevik Rusiyasının Qızıl Ordusu tərəfindən işğal edildi; beləliklə, yerli sovet hökuməti quruldu və iqtisadiyyatın mərkəzləşdirilməsi prosesinə start verildi.

Bütün etirazları yatıran bolşeviklər sovet iqtisadiyyatı qurmağa başladılar: zənginlərin mülklərinin müsadirə olundu, şəxsi bizneslər qadağan edildi, mövcud olanlar isə milliləşdirildi. Sonrakı onilliklərdə kollektiv təsərrüfatlar yaradıldı. Bir sıra əhatəli sosial islahatlar həyata keçirildi. Savadsızlıq da yoxsulluq səviyyəsi kimi sürətlə azaldı. Dövlət hesabına səhiyyə sistemi, mənzil təminatı, kütləvi sənayeləşmə yaşayış standartlarını əhəmiyyətli dərəcədə qaldırdı.

Bununla belə, Azərbaycanda sosializmin qurulması yalnız repressiv kommunist rejim demək deyildi. Rusiyanın simasında fövqəlgücə çevrilən SSRİ-nin (əslində bu, Qərbdə qəbul edildiyi kimi, Kommunist Rusiya İmperiyası formasında yox) bir hissəsi olmaq bütün İttifaq respublikalarının yarı-müstəmləkə halına salmış oldu. Bu andan etibarən Azərbaycan  sədaqətsizlik və geridəqalmışlıqla əlaqələndirilən ikinci sinif müsəlman xalq kimi daha çox əziyyət çəkdi. Stalin repressiyaları dövründə ölkənin ziyalı təbəqəsinin böyük hissəsi məhv edildi. Azərbaycanın siyasi elitasında ruslar və ermənilər qeyri-mütənasib şəkildə daha çox təmsil olunmağa başladı. Azərbaycanlı əsgərlərin əksəriyyəti müsəlman olduqlarına görə adi hərbi hissələrdə yox, “Stroybat” adlanan inşaat hissələrində qulluq etməli idilər. Milli mədəniyyət və ədəbiyyat sıxışdırıldı: hətta milli dilin adı Türkiyə ilə bağları zəiflətməkdən ötrü türk dilindən Azərbaycan dilinə dəyişdirildi.

İllər keçdikcə cəmiyyətdə xüsusilə də geniş yayılmış korrupsiya səbəbindən daha ayıq bir yanaşma kommunist ideallarına inamı əvəz etməyə başladı. 1980-ci illərin sonuna doğru iqtisadiyyat durğunluq keçirirdi. 1988-ci ildə Moskvanın Dağlıq Qarabağ ətrafındakı alovlanan münaqişə zamanı Azərbaycanın ərazi bütövlüyünə təminat verə bilməməsi müstəqillik hərəkatının yüksəlməsinə səbəb oldu. 1990-cı ilin yanvarında Moskvanın güc yolu ilə Bakıdakı azadlıq hərəkatını sıxışdırmaq cəhdi uğursuzluqla nəticələnsə də, 140 mülki şəxsin ölümünə səbəb oldu və SSRİ-ə qarşı ictimai fikrin qayıdışı olmayan formada dəyişməsinə gətirib çıxardı. 

2 ildən də qısa müddətdə Azərbaycan müstəqilliyini yenidən elan etdi və mərkəzi planlaşdırılan inzibati iqtisadiyyatı ləğv etməyə başladı. Bu addımlar bazar iqtisadiyyatına keçid və sənaye ilə kənd təsərrüfatı istehsalındakı azalmasına görə artan işsizlik kimi çətinlikləri ilə müşayiət edildi. Ermənistanla müharibə bu çətinlikləri bir qədər də artırdı. İqtisadi vəziyyət yaşlı nəsillərdə Sovet sosial müdafiəsi ilə bağlı nostalgiyanın artmasına təkan verdi. Yenə də bu hisslər sosializmdən (ironik də olsa, imperializm, başqa sözlə rus irredentizmi) uzaqlaşmaqla bağlı əsas baxışları dəyişdirmək üçün zəifdi. Kremlin boyunduruğu və müstəqilliyə aparan qanlı yoldan keçən bütün keçmiş sovet respublikalarında SSRİ-yə qarşı antaqonist yanaşmanı miras qoydu və dirçələn milliyətçilik çərçivəsində Sovetlərin fonunda sosializmə qarşı baxışlar formalaşmağa başladı.

Nə qədər milliyətçilik tərəfindən dəstəklənən anti-sosialist əhval-ruhiyyə mövcud olsa və yerli mədəniyyət nə qədər mühafizəkar olsa da, bunların sağ mövqeli siyasi baxışlara, ən azından “lesez-feyr” (laissez-faire)  kapitalizminə ictimai dəstəklə nəticələnməsi ehtimal daxilində deyil. Sovet dövrü dövlət sektorunda təhsilin və səhiyyə sisteminin ödənişsiz olması, bir sıra sektorların subsidiyalaşdırılması və böyük bir bürokratiyanın saxlanılması kimi ictimai rifah siyasətini miras qoymuşdur. Bu da sosial demokratiyanın populyarlığı üçün zəmin hazırlayır.

Sosializmə iqtisadiyyatın tam idarə edilməsi və xüsusi mülkiyyətin ləğvi səbəbindən yaxşı münasibət göstərilməsə də, bu, sosial məqsədlər üçün nəzərdə tutulmuş siyasət vasitəsilə hökumətin iqtisadiyyata "düzəldici" müdaxiləsinə şamil edilmir. Sovetlərin mərkəzi və yerli hökumətləri tərəfindən iqtisadiyyatın və siyasətin uzun illər boyunca şaquli inteqrasiya olunmuş formada idarə edilməsi təəccüb doğurmamalıdır. Bu faktor eyni zamanda aşağıdan yuxarıya yönələn siyasi aktivizm və vətəndaş cəmiyyətinin funksionallığını əhatə edən və kommunist idarəsində yerli siyasi mədəniyyətin necə deformasiyaya uğramış şəkildə formalaşmasını aşkara çıxaran ictimai səfərbərlik üçün də keçərlidir. Hökumətin Sovetlərdə yuxarıdan aşağıya yönəlmiş idarəetmə üslubuna görə təcrid edilməsi dövlət siyasətini daha əlçatan etmək və xalqla təmasda olmaq üçün aradan qaldırılmalı olan bir problemdir. Bununla yanaşı, təkpartiyalı idarəetmə ictimai şüurdakı dövlət və hökumət anlayışları arasındakı sərhədləri da bulanıqlaşdırmış oldu ki, hələ də bu anlayışların bir-birindən ayrılması hələ də tamamlanmayıb.

Sosial-demokratiya  populyarlıq qazanma potensialına malik olsa da, çoxluq arasında bu ideyalar sosial-iqtisadi çərçivədə qalmağa meyillidir. Dominant mühafizəkar mədəni mühit Qərbdə ənənəvi olaraq mərkəz-sol görüşlərlə əlaqələndirilən liberal mövqeləri (məsələn, LGBT hüquqları) dəstəkləyəcək kimi görünmür. Bununla yanaşı, İslami kökləri olsa da, mədəniyyətin mühafizəkarlığının siyasi İslamın yüksəlmə potensialına təkan verməkdən uzaq olduğu qeyd edilməlidir. Bu da Sovet hakimiyyəti dövründə Azərbaycanda məcburi həyata keçirilən və əhalinin böyük hissəsinin qeyri-dindar müsəlman olması ilə nəticələnən sekulyarlaşdırmanın nəticəsidir.

20-ci əsrin 7 onilliyi boyunca Azərbaycan sosialist sistem yaradılması kimi  tarixi təcrübə elə bu sistemin özü qədər mürəkkəb bir miras qoymuşdur. Bu varisliyin bəzi hissələrinə tolerantlıq göstərmək və ya post-sovet dövrdən tamamilə söküb atmağın lazım olduğu kimi fikirlərdən əlavə Sovet dövrü şübhəsiz ki, Azərbaycana dərin və bəlkə də geri dönüşü olmayan təsir göstərmişdir. Bu təsiri aşağıdakı deyim daha yaxşı təsvir edir: “Kimisə SSRİ-dən çıxarmaq olar, amma SSRİ-ni həmin şəxsdən yox.”

 

Müəllif haqqında:

Toğrul Novruzlu ADA Universitetində beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr təhsili almışdır. O, ABŞ-ın İllinoys ştatında Dövlət Departamenti tərəfindən maliyyələşdirilən SUSİ proqramında və Brüsseldə keçirilən Avropa İttifaqı yaz məktəbində iştirak etmişdir. Azərbaycanda və ölkə xaricində keçirilən akademik BMT simulyasiyalarının (MUN) aktiv iştirakçılarındandır. Onun tədqiqat dairəsinə Dağlıq Qarabağ münaqişəsi, Qafqaz və Türkiyə, AB ilə bağlı məsələlər, eyni zamanda siyasi İslam daxildir. 


DİGƏR YAZILAR