Politicon.co

İkinci Qarabağ müharibəsinin regional və qlobal sistemə təsiri

İkinci Qarabağ müharibəsinin regional və qlobal sistemə təsiri

Müstəqil Azərbaycanın tarixini iki hissəyə bölmək olar. Bunlardan birincisi Soyuq Savaşın bitməsi ilə kəskinləşən Birinci Qarabağ Müharibəsi və onun formalaşdırdığı dönəm, ikincisi isə İkinci Qarabağ Müharibəsi və yeni yaranan nizam dövrüdür. Hər iki dönəm özünə xarakterik olan xüsusiyyətlərlə zəngindir. Əgər ilk dövr böyük qələbələr və böyük məğlubiyyətlər toplusundan ibarətdirsə, yenicə başlayan ikinci dövrə hələlik xas olan yalnız qələbələrdir.

Birinci Qarabağ Müharibəsi Soyuq Savaşın bitməsindən sonra dünya nizamının formalaşmasında öz rolunu oynadı. Bu savaş sayəsində Azərbaycan ərazilərinin 20%-ni itirməklə bərabər üzərində daima böyük güclərin Domokl qılıncı funksiyasını yerinə yetirən problem əldə etdi. Bununla belə Qarabağ konflikti yalnız Azərbaycana görə başladılan proses deyildi. Bu, ümumilikdə keçmiş SSRİ ərazisində gedən ümumi oyunun tərkib hissəsiydi.

SSRİ-nin dağılmasından sonra Moskva bufer zonalarına nəzarəti itirməmək, Qərbin onun sərhədlərinə daha da yaxınlaşmasına mane olmaq üçün keçmiş ittifaq respublikalarını özündən asılı vəziyyətdə saxlamaq məcburiyyətində idi. Bunun üçün ən effektiv vasitə postsovet məkanında etnik, ərazi konfliktlərinin yaradılmasıydı. Bu konfliktlərin bəzilərində “şimal nəhəngi” birbaşa, bəzilərində isə müttəfiqləri vasitəsilə tərəf kimi iştirak etdi. Bununla da Moskva ondan qopan ölkələrin özündən tam uzaqlaşmaması, yaranmış geosiyasi qarşıdurmada mövqelərini tam itirməməsi üçün müvəqqəti imkan əldə etmiş oldu.

Əslində Birinci Qarabağ müharibəsi və onunla eyni dövrdə postsovet məkanında başlamış konfliktlər sayəsində SSRİ-nin dağılmasından sonra yaranan xaosun qarşısı müvəqqəti olsa da alındı. Bununla belə yeni nizam istənilən halda ədalətsiz olduğuna görə onun daimi davam edəcəyi ehtimalı az idi. Onun üçün postsovet məkanında müvəqqəti sakitlik bərpa edilsə də, Moskva və opponentlərinin latent formadakı toqquşmalarını dayandırmaq mümkün olmadı. Belə geosiyasi toqquşmalar tam açıq formada özünü 2008-ci ildə Gürcüstan müharibəsi ilə göstərdi.

2013-cü ildə Ukraynada Maydan hadisələrinin başlaması və uğurla nəticələnməsi postsovet məkanı, xüsusilə də, Rusiyanın qərb sərhədləri uğrunda gedən oyunun daha sərt formaya keçməsinə səbəb oldu. Təsadüfi deyil ki, məhz bu tarixdən sonra həm Moskva, həm Qərbin beyin mərkəzləri, ekspertləri, siyasətçilərinin dilində tez-tez dünya nizamının dəyişməyə başlaması ilə bağlı ifadələr yer almağa başladı. Ukraynanın yekun olaraq Moskvanın nəzarətindən tam çıxarılması isə Rusiya üçün ağır zərbə oldu. Doğrudur, Moskva həm Krımın anneksiyası, həm də Donbas böhranı ilə itkilərini kompensasiya etməyə və 90-cı illərin əvvəllərində istifadə etdiyi taktikadan yararlanaraq həmlələrə cavab verdi, lakin önəmli olan Moskvanın Kiyevi artıq itirməsi idi. Beləliklə, ABŞ və Qərb bu həmlə sayəsində təkcə Moskva üçün həyati əhəmiyyət kəsb edən bölgəni ələ keçirmədi, həm də Rusiya paytaxtının cəmi bir neçə yüz kilometrində dayanmış oldu. Bu isə son iki yüz ildə 3 dəfə istilaya cəhd edilmiş və hər zaman özünün dərin əraziləri sayəsində xilas olmuş bir ölkə üçün əsl təhdid demək idi.

Əslində Baltik və Xəzər dənizi arasında Maydanla alovlanan proses Azərbaycandan da yan keçmədi. İkinci Qarabağ Müharibəsi buna əsas sübut ola bilər. Ona görə də İkinci Qarabağ Savaşına böyük güclər arasında gedən geosiyasi qarşıdurmanın tərkib hissəsi kimi baxılması daha doğru olardı.

44 günlük müharibə təkcə bir ölkənin özünün ərazi bütövlüyünü təmin etməsi yox, həm də regiona ümumi baxışın dəyişməsi, bölgədə qüvvələr balansının yenidən formalaşması və dünya nizamının dəyişməsi prosesinin tərkib hissəsi kimi dəyərləndirilməlidir. Üstəlik bu savaş bir neçə günlük planın yox, 5 ildən çox dönəmdə israrla oynanılan oyunların və həmlələrin nəticəsidir.

Maydanla Qarabağdakı son savaşın bağlılığı ətrafında paralellər aparsaq, görərik ki, məhz konfliktin həllində birbaşa iştirak edən vasitəçi ölkələrin, özəlliklə, ABŞ-ın dolayısı aktivliyi 2014-cü ilə təsadüf edir. Belə ki, 2014-cü ildən etibarən əvvəlcə bir-birini əvəz edən amerikalı həmsədrlər (Hoqland və Uorlik), daha sonra isə amerikalı səfirlərin (xüsusilə ABŞ-ın Ermənistandakı səfiri) Azərbaycan lehinə daha sıx bəyanatlar səsləndirdiyini görmək mümkün oldu. Bu tip bəyanatlar 2016-cı il Aprel Savaşından sonra daha da aktivləşdi. Digər tərəfdən ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun 2018-ci ilin sentyabrında bölgəyə səfəri, daha sonra isə 2019-cu ilin fevralında prezident İlham Əliyevin balanslı siyasətdən imtina açıqlaması, konflikt ətrafında hərəkətliliyi daha da sürətləndirdi.

Buna isə Moskvadan reaksiya gecikmədi. Tezliklə, Moskvanın dəstəyi sayəsində Ermənistan tərəfindən iddialı bəyanatlar dilə gətirildi. Əvvəlcə Paşinyan “Qarabağ Ermənistandır və nöqtə” şüarı ilə çıxış etdi, bunun ardınca isə o zamankı Ermənistan müdafiə naziri və Moskvaya yaxınlığı ilə seçilən David Tonoyanın “yeni müharibə, yeni ərazilər” prinsipi ortaya çıxdı ki, bu da İkinci Qarabağ savaşını daha da yaxınlaşdırdı. Digər tərəfdən Qarabağ savaşından öncə iyul ayında Bakını qorxutmaq üçün başladılan Tovuz toqquşması və savaş nəticəsində son 29 ildə ilk dəfə Azərbaycan generalının öldürülməsi cəhdləri heç bir fayda vermədi. Beləliklə, sentyabr ayında İkinci Qarabağ savaşı başladı və bölgədə nüfuz dairələrinin yenidən bölüşdürülməsi prosesinə start verildi.

 

Bölgənin yeni nizamı

Azərbaycanın öz torpaqlarını azad etməsi, öz sərhədlərinə nəzarəti bərpa etməsi, üstəlik öz sərhədləri ilə bərabər Ermənistanın əsas yollarını və gəlir mənbələrini nəzarəti altına alması, yeni dəyişiklik dönəmində Bakı üçün əsas üstünlüyə çevrildi. Belə ki, Azərbaycan öz qələbəsiylə təkcə 30 ildir üzərində olan təsir rıçağını nəinki maksimum dərəcədə zəiflətdi, həm də özü yeni təsir rıçaqları əldə etdi. Bu isə, xüsusilə, Moskvanın Cənubi Qafqazdakı dominantlığına zərbə oldu.

Yeni qələbə həm də postsovet məkanında son 7 ildə gedən prosesdə Moskvaya qarşı qazanılmış ikinci böyük qələbə adlandırıla bilər. Belə ki, əgər ilk qələbə Ukraynanın bütöv halda olmasa belə ABŞ-ın nəzarətinə keçməsi idisə, ikinci qələbə məhz İkinci Qarabağ savaşı sayılmalıdır. Əgər birinci qələbə Moskva üçün dayaqlarının itməsi və geosiyasi baxımdan mərkəzə təhdidin yaradılması imkanı formalaşdırırdısa, ikinci qələbə Moskvanın özü üçün arxa bağça saydığı regionda dayaqlarının zəifləməsi, özünün ən qeyri-stabil bölgəsi sayılan Şimali Qafqaza təhdidin güclənməsi, eləcə də nəzarətində olan alyansın qeyri-effektivliyinin sübuta yetirilməsi anlamına gəlir.

Digər tərəfdən təkcə müharibədən qalib çıxmış Azərbaycan yox, həm də Kiyev təxminən eyni zamanda Moskvanın ölkə daxilində ən etibarlı sayılan adamlarının vurulması prosesinə başlayır ki, bu da Kreml üçün ən arzuolunmayan addıma çevrilir.

İkinci Qarabağ Savaşı həm də Azərbaycanın Rusiyanın peyki olacağı ümidlərini də sıradan çıxarmış oldu. Əksinə müharibədən dərhal sonra Azərbaycan ordusunun rəsmən bəyan edilməsə də NATO standartlarına əsasən formalaşdırılması sürətləndirildi. Bu isə öz növbəsində Kremldə qıcıq yaratdı.

44 günlük savaşın ən önəmli cəhəti isə ərazi konfliktlərinin həll edilməsinə olan ümidlərin yenidən canlanması oldu. Əgər İkinci Qarabağ Savaşından əvvəl Ukrayna, Moldova və Gürcüstandakı konfliktlərlə bağlı bədbin proqnozlar yüksək həddə idisə, yeni qələbə sayəsində bədbinlik nisbətən azalmağa başladı. Üstəlik, bu, Moskvanın bu ölkələrlə tarixi, dini, mədəni, etnik əlaqələrdən istifadə edərək, öz təbliğatını gücləndirmək imkanlarını da zəiflətdi. Məsələn, Gürcüstanda pravoslavlıqdan yararlanaraq, Qərbin və Türkiyənin mövqelərini sarsıtmağa çalışan Moskva 44 günlük savaşdan sonra bu imkanlarını itirməyə başlayır. Belə ki, bir zamanlar konservatorlar və ultrasağçıların kəskin qınağından qorxan bir sıra siyasətçilər, ekspertlər və aktivistlər Türkiyə ilə işləməkdə maraqlı olmurdularsa, İkinci Qarabağ savaşından sonra bununla bağlı 180 dərəcəlik dəyişiklik müşahidə edilir.

Doğrudur, Azərbaycan yenə də öz xarici siyasət kursunda Rusiya faktorunu nəzərə alır və bəlkə də əvvəlkindən daha ehtiyatlı addımlar atır, amma bu addımlar bundan öncəki dönəmlərlə müqayisədə daha effektiv və cəsarətli olurlar. Bu isə Bakının istənilən halda siyasi reallığı nəzərə almasıyla bağlıdır. Görünən odur ki, Bakı ona vəd edilən dəstəyin real zəmanətini almadan həm də sərt dönüşlər etmək istəmir.   

 

Yeni gücün ortaya çıxışı

İkinci Qarabağ müharibəsinin ən böyük qazananının Türkiyə olduğunu söyləsək yanılmarıq. Ankara bu savaş sayəsində özünün yerləşdiyi çətin bölgədə effektiv regional gücə çevrilmək imkanlarını artırdı. Həm müharibə dövründə verilən bəyanatlar, həm də ondan sonrakı dövrdəki davranışlar göstərir ki, Türkiyənin son savaş sayəsində, özəlliklə, ABŞ-la münasibətləri yaxşılaşıb və Vaşinqton yenidən regional siyasətini müəyyən qədər Ankara ilə uzlaşdırmağa başlayıb. Bu isə Ankara üçün indiki halda böyük qazancdır. Təsadüfi deyil ki, Əfqanıstanı tərk edən Amerika artıq prezident Baydenin simasında demokratiya eksportunun uğurlu nəticələr verməməsiylə bağlı bəyanatlar verir. Bu isə Amerikanın yeni dönəmdə yeni reallıqları bacardığı qədər daha çox nəzərə alacağı ehtimallarını artırır. 

Digər tərəfdən Azərbaycanın yenidən qazandığı qələbə sayəsində Türkiyə Cənubi Qafqazdakı qüvvələr balansını öz xeyrinə dəyişmiş oldu. Bunu isə Türkiyənin 286 ildən sonra (1735-ci ildə Gəncə müqaviləsi. 1918-ci ildəki qısa müddətli dönəm nəzərə alınmayıb) bölgəyə qayıdışı kimi təsvir etmək doğru olardı. Belə ki, Ankara bu savaş sayəsində təkcə özü üçün həyati əhəmiyyət kəsb edən bölgədə təhlükəsizlik təhdidlərini sıradan çıxartmadı, həm də Mərkəzi Asiyaya giriş qapısı sayılan ölkədə dayaqlarını daha etibarlı şəkildə möhkəmlətdi.

Ankaranın daha bir uğuru isə özünün ən təhlükəli rəqibi sayılan Rusiyanın maraqlarına ziyan vurmasıydı. Yeni savaş Moskvanın Türkiyə sərhədlərindəki 200 illik dominantlığını sarsıtdı, daha dəqiq desək məhdudlaşdırdı. Bu isə Ankaranın Moskva ilə apardığı geosiyasi rəqabətdə bir pillə irəli keçməsi mənasına gələ bilər.

Hələlik aydın görünən odur ki, Ankara dayanmaq fikrində deyil. Türkiyə özünün ənənəvi təsir sferası saydığı regionlarda təsirini daha da artırmaq niyyətindədir. Bu fonda Türkiyənin Mərkəzi Asiyada aktivləşməsi də gözlənilir. Bunun üçün isə Ankaranın həddən artıq böyük potensialı var.

Çinin qüvvətlənməsi və ABŞ-ın onu təkcə Sakit okeanda yox, həm də Avrasiyada özünə təhdid sayması, Türkiyənin də önəmini artırmağa imkan yaradır. Xüsusilə, Hindistanla Tramp dövründə danışıqların yetərli effektli olmaması və ABŞ-ın Əfqanıstandan çıxması fonunda bu aktuallıq daha da güclənir. Üstəlik, Vaşinqtonda Mərkəzi Asiyanın başqa adının Türküstan olmasını və bölgənin xalqının tarix boyunca Çinlə rəqib və ya düşmən kimi yaşamasını yaxşı dərk edirlər. Vaşinqtonda həm də Mərkəzi Asiya elitasının müxtəlif vasitələrlə Çinə simpatiyasının artırıldığını və bu baxımdan karbohidratlarla zəngin olan bu önəmli bölgənin tez bir zamanda onun əlinə keçəcəyi ehtimalının yüksəldiyini də başa düşürlər. Ona görə də etnik yaddaşdan yararlanmaq istəyən ABŞ bu işdə ona ən böyük yardımın Ankara tərəfindən edilə biləcəyini anlayır. Bu isə öz növbəsində Ankaranın regional gücə çevrilməsi üçün ona Vaşinqton tərəfindən yardımların edilməsi ehtimallarını da artırır.

İkinci Qarabağ Savaşı eyni zamanda Türkiyə ordusu və silah sənayesinin imicini yüksəltdi. Belə ki, savaş Avropada qorxu yaradan rus silahı anlayışına ağır zərbə vurmaqla bərabər həm də yeni müharibə metodlarını da dünyaya təqdim etdi. Dron istehsalında Türkiyənin uğurları onun cəlbediciliyini yüksəltdi. Bu əvvəllər Moskva ilə rəqabətdə nisbətən zəif güc sayılan Ankaraya diqqətlərin yenidən yönəlməsinə səbəb oldu. 

 

SSRİ-nin ikinci çöküşü

Moskva əvvəllər bufer zonasındakı bütün regional konfliktlərdən bəhrələnməyə cəhd edirdi. Bu ona böyük dividentlər yaratsa da, zaman keçdikcə yaradılan problem öz əleyhinə işləməyə başladı. 44 günlük savaş isə bu konfliktlərin onun üçün nə ilə nəticələnə biləcəyini göstərdi. Ümumilikdə bu savaşda təkcə Ermənistanı yox, həm də Rusiyanı ən böyük məğlub adlandırmaq doğru olardı.

Moskva əslində Qarabağ ətrafında gedən proseslərin nə ilə nəticələnəcəyini az da olsa müəyyən edə bilirdi. Bununla belə savaşın nəticəsi onun üçün istənilən halda gözlənilməz oldu. Çünki Moskva öz silahlarının bu qədər çarəsiz qalacağını və savaşın ən azından bu qədər qısa müddətdə yekunlaşacağını təsəvvür edə bilmirdi.

Kreml üçün ən böyük itki təkcə silah sənayesinə vurulan ağır zərbə olmadı. Onsuz da son illər yalnız raketləriylə özünün silah sənayesinin aktuallığını qorumağa çalışan Moskva belə bir vəziyyətlə qarşılaşacağını güman edirdi. Moskvanı sarsıdan daha çox Cənubi Qafqazda qüvvələr balansının onun əleyhinə pozulması oldu. Bu isə 200 ildir dominant olduğu ərazidə onun üçün qəbuledilməz məqamdır.

Digər tərəfdən Moskva bufer zonası saydığı Azərbaycanda başlayan prosesin digər nöqtələrdə də uğur qazanacağı, xüsusilə Mərkəzi Asiyada ağır itkilərə məruz qalacağından qorxur. Buna görədir ki, Rusiya təkcə müttəfiqlərini gücləndirmir, həm də onları müxtəlif yollarla təhdid edərək öz ətrafında saxlamağa çalışır.

Moskvanı qorxudan əsas məsələ isə onun ən qeyri-stabil sayılan bölgəsi – Şimali Qafqazın sərhədlərinin de-fakto nəzarətində olmamasıyla bağlıdır. Xüsusilə, bu bölgənin üç tərəfindən ikisinin de-fakto NATO-nun nəzarətinə keçməsi, Kremli daha çox narahat edir. Təsadüfi deyil ki, Rusiya 2016-cı ildən sonra Həştərxandakı Xəzər donanmasını Azərbaycanın 150 kilometrliyindəki Kaspiysk şəhərinə dislokasiya edir, eləcə də Ukrayna ilə bərabər Azərbaycanla Gürcüstan sərhədlərinə yaxın ərazilərdə yeni ordu bölmələri formalaşdırır. Bəlkə ilkin baxışda bu, çoxları tərəfindən irrasional addım kimi təsəvvür edilə bilər. Çünki belə kiçik ölkələrin Şimali Qafqazda 200 mindən çox ordu saxlayan Moskvaya savaş açacağı heç də inandırıcı görünmür. Bununla belə Moskva hər zaman bütün baş verə biləcəklərə hazırlıqlı olmaq istəyir, çünki Rusiya tarixi bir zamanlar “ola bilməz” deyilən şeylərin gerçəkləşməsi faktları ilə doludur.

Hər bir halda aydın görünən odur ki, Moskvaya qarşı son 7 ildə aparılan proses təkcə onun bufer zonalarının əlindən alınmasına yox, həm də cilovlanmasına yönəldilib. Belə ki, ABŞ xüsusilə Çinin güclənməsi fonunda özünə həyati əhəmiyyətli saydığı Avrasiya materikində güclü imperiya keçmişi olan başqa bir opponent istəmir. Ən azından özünü super güc sayan Moskvanın regional güc səviyyəsinə endirilməsinə cəhdlər edilir.

İkinci Qarabağ Müharibəsi həm də Kremlin bütün Azərbaycandakı təsirini Qarabağla məhdudlaşdırmağa kömək etdi. Belə ki, savaş ərəfəsində və sonrasında ölkə rəhbərliyinin, xüsusilə, Moskvaya yaxınlığı ilə seçilən şəxslərdən hakimiyyəti təmizləməsi, Kremlin maraqlarına ağır zərbə oldu.

Bununla belə Rusiya hələ də yeni reallığa uyğunlaşmağa və əlindəkiləri maksimum şəkildə saxlamağa çalışır. Buna görədir ki, Moskva artıq Azərbaycan və Türkiyə ilə münasibətlərdə daha ehtiyatla davranır, rəsmi şəkildə münasibətlərin korlanmasına izn verməməyə cəhd edir.

Bununla belə hazırda şimal nəhəngi ətrafında gedən prosesi bədii olaraq SSRİ-nin ikinci çöküşü adlandırmaq mümkündür. Faktiki olaraq bütün bufer zonasında müxtəlif tərəflərdən total hücuma məruz qalan Kreml əsas məsələnin həm də Avrasiyanın mərkəzində olan bölgənin taleyinin müəyyənləşdirilməsi olduğunu anlayır. Buna görə də zamanla həmlələr edən Moskva özünü hələlik mümkün qədər siğortalamağı bacarır.

Hər bir halda Moskva qeyri-müəyyən addımlarıyla seçilən qüvvədir və onun asanlıqla təslim olacağı inandırıcı görünmür. Lakin bilinən odur ki, zaman Rusiyanın ziyanına işləyir və onun edəcəyi hər bir hücum onun özünü ağır vəziyyətə sala bilər. Burada Azərbaycan üçün önəmli olan “fillər” arasındakı savaşda doğru mövqe seçib, ayaqlar altında əzilməməkdir.

 

Böyük təhdid – Yeni tale

İrana gəlincə isə Tehran üçün Qarabağ gözlənilməz nəticə ilə bitdi. Əslində cənub qonşumuz İrəvan üçün maksimal həddə yardım göstərməyə cəhd etsə də Bakı bunu neytrallaşdıra bildi. Digər tərəfdən müharibənin vaxtının İranda seçkilər ərəfəsinə düşməsi də Tehran üçün problemlər yaratmış oldu. Ölkədə azərbaycanlıların çoxluğu və hakimiyyətə can atan güclərdən heç birinin onlarla üz-üzə gəlmək istəməməsi Bakının şanslarını artırdı.

Bununla belə Tehranı daha inamsız addımlar atmağa vadar edən başqa məqam başının həddən qarışıq olmasıydı. Belə ki, həm Qasım Süleymaninin öldürülməsi ilə Tehrana vurulan ağır zərbə, həm Fars körfəzindəki gərginlik, həm İraq, Suriya, Livan, Yəmən və Əfqanıstandakı dəyişikliklər, həm nüvə danışıqlarındakı uğursuzluqlar, həm də Amerika sanksiyaları nəticəsində formalaşan sosial-iqtisadi gərginlik yeni problem istəməyən İranın savaş ərəfəsində manevr imkanlarını daraltdı.

Təbii olaraq, Tehranın İkinci Qarabağ Savaşından sonra narahatlığı artıb. Təsadüfi deyil ki, İranın yeni prezidenti İbrahim Rəisi ölkənin xarici siyasət prioritetinin qonşularla münasibət və Asiya ilə əlaqələr olacağını açıqlayıb. Mühafizəkarların hakimiyyətə gəlməsiylə İran üçün yaranan vəziyyətin daha da ağırlaşmasını Tehranda yaxşı başa düşürlər. Bununla belə rejimi qoruyub saxlamağa çalışan dövlət bunun üçün hazırkı situasiyada başqa seçiminin olmadığını dərk edir.

İran İkinci Qarabağ Savaşının yekun hədəfinin təkcə Rusiya yox, həm də özü olduğunu anlayır. Xüsusilə, Əfqanıstandakı proseslər fonunda bu getdikcə daha aydın görünməyə başlayır. Belə ki, heç vaxt güvənmədiyi Rusiya yerinə Tehranın Çinlə inteqrasiyanı daha da gücləndirməsi də əslində buna istiqamətlənib. Məhz buna görə Amerikada İranın Çinlə yaxınlığı Vaşinqtonun qlobal dominantlığı üçün təhdid sayılır. Həm Qarabağ, həm Əfqanıstanla İran ətrafındakı həlqənin böyük hissəsini tamamlayan Vaşinqtonun planları gerçəkləşəcəyi halda bir neçə il ərzində İranla bağlı aktiv dəyişiklikləri görmək mümkün olacaq. Buna görədir ki, İranın mühafizəkar qanadında yer alanlar, özəlliklə, eks-prezident Mahmud Əhmədinejat Əfqanıstandakı hakimiyyət dəyişikliyini ölkə üçün bir nömrəli təhdid sayır.

Hər bir halda Qarabağdakı dəyişiklik sayəsində Tehran maraqlarına böyük zərbə vurulduğunu və sərhədlərinə artıq de-fakto regional rəqibinin nəzarət etdiyini, eləcə də özünün Cənubi Qafqazda söz sahibliyinin azaldığını bilir. Bununla belə Tehran sərt hərəkət etməyə də cəsarət etmir və yalnız Zəngəzur dəhlizinin özü üçün qırmızı xətt sayıldığını deməklə kifayətlənir. İranı gözlənilməz addım atmamağa vadar edən əsas məqam isə düşdüyü situasiyadır. Görünən odur ki, İran rəhbərliyi girəcəyi yeni savaşın və ya qarşıdurmanın ölkəni xaosa sürükləyəcəyini anlayır.

 

Epiloq

Beləliklə, İkinci Qarabağ Müharibəsi təkcə Azərbaycanın və Ermənistanın yox, bölgənin digər dövlətlərinin də geosiyasi durumalarına birbaşa təsir edir. Bu isə regionun yenidən dizayn edilməsi üçün önəmli addım deməkdir. Güclər balansını dəyişdirən savaş yuxarıda sadalanan məqamlar da nəzərə alınarsa, böyük oyunun bir parçası, böyük geosiyasi rəqabətin tərkib hissəsi kimi qəbul edilməlidir. Bu isə Avrasiyanın orta hissəsini ümumilikdə yeni dəyişikliklərə hamilə olması anlamına gəlir. Görünən odur ki, proses hələ bitməyib və 44 günlük müharibə sadəcə onun əsas həlqələrindən biridir. Yeni Avrasiya isə bu həlqələr tam bitib, bütün zəncir tamamlananda formalaşacaq. Hələlik, bizi yeni toqquşmalar və rəqabətlər gözləyir.

 

 

*Bu məqalə Topçubaşov Mərkəzi tərəfindən 2021-ci ilin Avqust ayında elan olunan və Əlimərdan bəy Topçubaşova həsr olunmuş esse müsabiqəsində 3-cü yer tutmuşdur.

Müəllif: İlkin  Həsənov

 

 


DİGƏR YAZILAR