Politicon.co

Üç məsələdə “Qafqaz fırtınası” kitabına resenziya 

Üç məsələdə “Qafqaz fırtınası” kitabına resenziya 

Əvvəlcə qeyd etmək lazımdır ki, bu iş birləşdirilmiş ayrı-ayrı ekspertlərin esselərinin məcmusudur. Buna görə də, hər bir fəsil kifayət qədər müstəqildir, əvvəlki və sonrakı fəsilləri davam etdirmir və tamamlamır. Ekspertlər öz sahələrinə əsaslanaraq ikinci Qarabağ müharibəsinin keçirilməsinin və nəticələrinin müxtəlif aspektlərinə diqqət yetirirlər. Ekspertlərin hər bir fikrini ayrı-ayrılıqda təhlil etməyin mənası yoxdur (kitab o qədər də böyük deyil), ona görə də mən ekspertlərin təhlilləri barədə hər bir ekspertin təhlilinin spesifikasını nəzərə alaraq qısaca fikrimi bildirməyə çalışacağam.

Niyə müharibə çoxları, xüsusilə də ermənilər üçün gözlənilməz oldu? 

Mənim fikrimcə, Aleksandr İsgəndəryan bu suala hamıdan yaxşı cavab verib. Onun təhlilinə görə, iki nəticə çıxarmaq olar: birincisi, erməni ekspertlər müxtəlif sahələr üzrə ixtisaslaşıblar. Yəni postsovet məkanı üzrə ekspertlər Yaxın Şərqin tədqiqatçıları ilə demək olar ki, görüşmürlər. Bu vəziyyət ona gətirib çıxardı ki, bu münaqişədə Türkiyənin mümkün rolu nəzərə alınmadı və ya obyektiv qiymətləndirilmədi. Məsələ ondan ibarətdir ki, Türkiyə daha çox Yaxın Şərq dövləti hesab olunur, Cənubi Qafqazda geosiyasi manevr imkanları isə regionun ən nüfuzlu oyunçusu olan Rusiya ilə ciddi şəkildə məhdudlaşır. Bu anlaşılmazlıq erməni ekspertlərin Türkiyənin Rusiya ilə toqquşmasından ehtiyatlanaraq Azərbaycana yardım etməyə cəsarət etməyəcəyini, Azərbaycanın isə təkbaşına qalacağı təqdirdə genişmiqyaslı müharibəyə başlamayacağını  düşünməyə vadar etdi. Burada cənab İsgəndəryanın həlledici rol kimi Türkiyəyə daha çox diqqət ayırmasını vurğulamamaq mümkün deyil. Türkiyənin rolu, əlbəttə ki, ən vacib rollardan biridir, lakin burada hiperbola hiss olunur. 

İkincisi, cənab İsgəndəryan iddia edir ki, Ermənistanda nəsil dəyişikliyi nəticəsində indiki gənclər Avropaya inteqrasiya haqqında daha çox düşünməyə başlayıblar, nəinki Qarabağ haqqında. Nikol Paşinyan hökuməti erməni dövlətçiliyində əsas demokratik prinsipləri bərqərar etmək istəyən gənclərin ideyalarının ifadəçisidir. Çünki Ermənistanda əksəriyyət əmin idi ki, demokratik hökumət Azərbaycanla ortaq məxrəcə gələ və daimi sülh yarada bilər. Bununla yanaşı, Ermənistan tərəfi Azərbaycanın müasir silahlar almasına, öz ordusunda islahatlar aparmasına, Türkiyə ilə keçirilən onlarla təlimə və digər bu kimi hallara diqqət yetirməmişdir. Cənab İsgəndəryanın fikrincə, hazırki vəziyyətə məhz həmin hallar səbəb olmuşdur. Qeyd etmək lazımdır ki, onun arqumentləri obyektivdir və ikinci Qarabağ müharibəsinin gözlənilməzliyinə aydınlıq gətirir.

Azərbaycan müharibəni niyə qazandı?

Tədqiqat əsasən müharibə hadisələrinin gedişini ətraflı təsvir edərək siyasi və hərbi aspektlərini təhlil edir. Xüsusilə, D. Barri və L. A. Nersisyan öz töhfələrini hərbi-texniki sahəni analiz edərək vermişlər. Cənab Barri yalnız texniki aspektə fokuslanaraq, sadəcə Azərbaycan və Ermənistanda olan silahların arsenalını müqayisə etsə də, cənab Nersisyan tərəflərin strateji-taktiki üstünlüyünə xüsusi diqqət yetirərək, silah arsenalının istifadəsini daha ətraflı izah etmişdir. D. Barri təhlilinin sonunda belə qənaətə gəlir ki, Azərbaycan öz ordusunu müasir silah növləri ilə daha yaxşı təchiz etməklə yaxın müttəfiqi olan Türkiyə və İsraildən alınmış kamikadze və zərbəçi pilotsuz uçan aparatlar sayəsində qələbə qazanıb. Ekspertin fikrincə, bu hərbi vəsaitlər Azərbaycana sadəcə texnoloji baxımdan unikal olduqlarına və döyüş sahəsində heç bir alternativə malik olmadıqlarına görə qalib gəlməyə kömək etməyib, eləcə də Erməni silahlı qüvvələrinin zərbəçi pilotsuz uçuş aparatların texnoloji baxımdan geri qalması və qeyri-effektiv olması buna təsir edib. Azərbaycanın hərbi-texnoloji üstünlüyünü vurğulayan L. A. Nersisyan Ermənistanın müharibəyə hazır olmamasını və Azərbaycanın uğurlu hərbi strategiyaya malik olduğunu qeyd edib. Ekspert iddia edir ki, erməni qoşunlarının səfərbərliyi və tam döyüş hazırlığına dair əmr vaxtında verilməyib və uğursuz şəkildə təşkil edilib ki, bu da Azərbaycana zaman baxımından böyük üstünlük verib. Hələ hərbi əməliyyatların başlandığı dövrdə tanınmamış Respublikanın xeyli sayda HHM və artilleriyası məhv edilmişdi ki, bu da Azərbaycana hərbi manevrlər üçün kifayət qədər şərait yaradırdı və ermənilərdə ruh düşkünlüyünə səbəb olurdu. Əlbəttə, hər iki hərbi ekspertin analizlərini oxuyarkən cənab Nersisyanın daha geniş təhlilini görməmək mümkün deyil. Çünki cənab Nersisyan təkcə Azərbaycan Silahlı Qüvvələrinin hərbi-texniki üstünlüyündən danışmır, həm də onlardan mahir və səmərəli istifadə olunmasını təsvir edir.

Araşdırma həm də tərəflərin müttəfiqlərinin simasında siyasi qüvvələrini müzakirə edir. Ekspert Kərim Xas iddia edir ki, Azərbaycanın yalnız hərbi-texnoloji deyil, siyasi üstünlüyə də malik idi. Birincisi, Azərbaycan NATO ölkəsi olan Türkiyə tərəfindən fəal şəkildə dəstəklənirdi, halbuki Ermənistan əsas müttəfiqi olan Rusiya Federasiyasından bu cür birmənalı dəstək ala bilmədi. Həmçinin, Kərim Xas əmindir ki, “British Petroleum” (BP) neft şirkəti vasitəsilə Azərbaycana sərmayə yatıran və Türkiyənin digər Avropa dövlətlərinə qarşı yaxın müttəfiqi olan Böyük Britaniya üçün Azərbaycanın qələbəsi və Türkiyənin regiondakı rolunun artması Ermənistanın qələbəsindən daha üstün olub. Bundan başqa, Türkiyə ilə fikir ayrılıqlarına baxmayaraq, ABŞ da Türkiyənin Cənubi Qafqazda daha fəal rol oynadığını, bununla da Rusiyanı balanslaşdırmaqda maraqlı idi. Maraqlıdır ki, müəlliflər Pakistanın Azərbaycana siyasi dəstəyini qeyd etməyi unudublar.

Cənab Xas hesab edir ki, Ermənistanın iki potensial müttəfiqi var idi: Rusiya və Fransa. Lakin Rusiya Azərbaycanla qarşılıqlı münasibətləri və Azərbaycanda hökumətin təzyiqi üçün neytral mövqe tutmağı üstün tutdu. Ermənistanın xeyrinə birmənalı dəstək göstərilməsinə baxmayaraq, Fransa isə Cənubi Qafqazda münaqişəyə daxil olmaqda birbaşa maraqlı deyil. Nəticədə, Ermənistanın başqa dövlətlər tərəfindən əhəmiyyətli dəstəyi yox idi. 

Ümumilikdə, cənab Xas ilə razılaşmaq olar, lakin İran ərazisi vasitəsilə Ermənistana Rusiya silahının göndərilməsini nəzərə almaq lazımdır ki, bu da “dəstəksiz qalan Ermənistan” haqqında mənzərəni qismən dəyişir.

Müharibədən sonra geosiyasi zəfəri kim əldə etdi və bundan sonra nə olacaq?

Azərbaycanın qalib gəlməsi hər hansı şübhə doğurda bilməz, lakin bu suala geniş reallıqları əks etdir bilməyən birmənalı cavab verilməməlidir. K. V. Makiyenko və R. N. Puxov əmindirlər ki, Rusiyanın geosiyasi qələbəsi ilə bağlı arqumentlər problemli arqumentlərdir, çünki bu, ilk növbədə, müvəqqəti məhdudiyyət – beş illik müddət – Rusiya sülhməramlılarının Qarabağın azad edilməmiş ərazilərində qalmaları ilə bağlıdır. Ekspertlər qeyd ediblər ki, əvvəlki status-kvo Rusiyaya üçün daha sərfəli idi, çünki  Azərbaycan və Ermənistana təzyiq vasitəsi kimi ona daha çox imkanlar verirdi. Bundan başqa, Makiyenko və Puxov KTMT-in rolu haqqında onun Ermənistan mövqeyindən çıxış etməli olduğunu qeyd edərək  razı olduqlarını bildirirlər. Rusiya rəhbərliyinin KTMT-nin Ermənistanın beynəlxalq aləm tərəfindən tanınmış sərhədləri xaricində müharibə etmək öhdəliyinin olmaması ilə bağlı bəyanatlarının hüquqi əsaslı olmasına baxmayaraq, bu cür davranış KTMT-nin digər üzv ölkələrində qeyri-effektiv fəaliyyət göstərəcəyi barədə təsəvvür yaradacaq və Türkiyənin postsovet ölkələri arasında imicini gücləndirəcək. Buna görə də, Makiyenko və Puxov ikinci Qarabağ müharibəsinin Rusiya üçün məğlubiyyət olduğunu və Türkiyənin Cənubi Qafqazda nüfuzunu artıran qələbəsi olduğunu düşünürlər.

Dmitri Trenin də müharibənin nəticəsinin Rusiya üçün əlverişsiz olduğunu təsdiqləyir və Rusiya sülhməramlı qüvvələrinin dislokasiyasının regiona uzunmüddətli davamlı təzyiq vasitəsi olmadığını iddia edir. Cənab Trenin həmçinin inanır ki, Rusiya Türkiyəni Cənubi Qafqazda aktor kimi tanımalı olub, bu da Türkiyənin təmasdakı digər regionlarda, məsələn, Suriyada Rusiyanın xarici siyasətinin imperativ olmasına imkan yaradır. Nəticədə, D. Trenin qeyd edir ki, əgər Qarabağda yeni müharibə baş verərsə, Rusiya neytral mövqe nümayiş etdirə bilməyəcək və nəticələr onun üçün daha əlverişsiz ola bilər. 

Qeydlər
Yuxarıda qeyd edilən təhlillərdən belə qənaətə gəlmək olar ki, ikinci Qarabağ müharibəsi region ölkələri arasında münasibətləri daha kompleks və mürəkkəb edib. Rusiya müəyyən dərəcədə öz nüfuzunu itirib, Türkiyə isə öz nüfuzunu artırıb. 

Əksər ekspertlərin fikrincə, Azərbaycanın hərbi qələbə qazanması onun hava üstünlüyündə olub. 

Mən cənab Derlugyanın təhlilini xüsusi olaraq şərh etmədim, çünki orada analitik obyektivliyin olmamasını görürəm.
 


DİGƏR YAZILAR