Politicon.co

Pandemiyanın yeni episentri - Latın Amerikası

Pandemiyanın yeni episentri - Latın Amerikası

Ötən ilin sonlarında Çinin Uhan əyalətindən çıxıb bütün dünyaya yayılan koronavirus Latın Amerikasında geniş vüsət almışdır. İkinci Dünya Müharibəsindən bəri insanlıq tarixinin yaşadığı ən böyük böhranlardan biri olan COVİD-19 pandemiyası hazırda yarım milyondan çox insanın həyatına son qoymuşdur. Statistikaya görə, dünya üzərində yoluxma sayına görə ilk onluqda bölgənin 4 ölkəsi təmsil olunur. Bunlar sırasıyla Braziliya, Peru, Çili və Meksikadır. Braziliyada ümumi yoluxanların sayı 2 milyona çatır. Ölkədə təxminən 70 min insan bu virusun qurbanı olmuşdur. Təqribən Peru, Çili və Meksikada da virusa yoluxanların ümumi sayısı hər ölkədə 300 mini ötmüşdür. Virusdan sadəcə Meksikada son bir neçə ay içərisində 30 mindən çox insan həlak olmuşdur. Gündəlik ölüm hallarına görə də, bu ölkələr statistikada önlərdə yer tutmaqdadırlar. Bu günə qədər dünyada qeydə alınan ümumi 13 milyon yoluxmanın təxminən 25%-i 600 milyonluq əhalisi ilə Latın Amerikasında görülmüşdür. COVID-19 nəticəsində həlak olanların statistikasında da vəziyyət təqribən eynidir. Həlak olanların təxminən 23%-i bölgənin payına düşür. Son bir ayda yoluxanların sayının 4 dəfə, ölən xəstələrin sayının isə 3 dəfə artması pandemiyanın yeni mərkəzinin Latın Amerikası olduğuna dəlalətdir. 

211 milyondan çox əhalisi ilə Braziliya  Latın Amerikasında epidemiyanın yeni episentri sayılır. Braziliya Coğrafiya və Statistika İnstitutu (IBGE), may ayında ölkədə 4.2 milyon insanın COVID-19 simptomları (dad və iybilmə qabiliyyətin itməsi, öskürək və yüksək tempratur) daşıdığını açıqlamışdır. Pandemiya nəticəsində May ayında Braziliyada 19 milyondan çox insan əmək fəaliyyətini dayandırmaq məcburiyyətində qalmışdır. Mərkəzi hökumət ölkədəki ailələrin təqribən 38,7%-nə 847 real (təxminən 160 ABŞ dolları) pul ayırmışdır.  Paytaxt da daxil olmaqla Braziliya əyalətində bütün ictimai yerlərdə mayın 11-də qəbul edilən qərara əsasən, maska taxmayanlara 2 min real (təxminən 387 ABŞ dolları) cərimə tətbiq edilir. 

Başlanğıcda sərhədlərin bağlanması, ölkəyə giriş və çıxışın məhdudlaşdırılması kimi bəzi tədbirlər görülsə də, bu tədbirlərin yetərli olmadığı ortadadır. Braziliyada epidemiyanın ən diqqət çəkən tərəflərindən biri də, prezident Bolsonaro ilə əyalət qubernatorları arasında tədbirlər baxımından dərin fikir ayrılığı zamanı müşahidə edilmişdir. Maska, əlcək və sosial məsafə kimi qaydalara əməl etməyən prezident Bolsonaro iqtisadiyyatı prioritet sayaraq, sərt karantin tədbirlərinə qarşı olmuşdur. Fəqət, bir çox qubernator prezidentin fikirlərinə məhəl qoymayaraq öz tədbirlərini həyata keçirməkdədir. Təbiətlə mübarizədə hələ də “insan təbiətinə” qarşı məğlub olan qitədə, məsuliyyətlərinin fərqində olmayan liderlər, şəxsi münaqişələr, ambisiyalar və korrupsiya halları fonunda epidemiyanın idarəolunmaz bir hala dönüşməsinə səbəb olmuşdur. Epidemiyanın ciddi fəsadlar yarada biləcəyinə başlarda önəm verməyən latınamerikalı siyasətçilər, xəstəliyə qarşı zananında lazımlı və adekvat tədbirlər görməyərək bu gün yaşanan kritik mənzərəyə görə məsuliyyət daşıyırlar.

Bölgədə pandemiyanın nəzarət altına alınmamasının digər bir səbəbi də, səhiyyə  sektorunun yetərincə inkişaf etməməsi göstərilir. Mart ayından bəri Çili, Peruda və Braziliya səhiyyə nazirləri pandemiya ilə uğursuz mübarizə nəticəsində ya istefa verməyə məcbur olmuş, yaxud da rəhbərlik tərəfindən dəyişdirilmişdir. Braziliya və Meksika kimi bölgənin lokomotivi sayılan aparıcı ölkələrdə belə ciddi tibbi avadanlıq çatışmamazlığı özünü biruzə vermişdir. Bu ölkələrə Avropa Birliyi, Çin, ABŞ, Rusiya və Türkiyə kimi regional və qlobal güclərdən tibbi yardım ləvazimatlarının göndərilməsi müşahidə olunmuşdur. Səhiyyə sektorunu dövlətin birbaşa və böyük miqdarda investisiya etdiyi sahələr sırasından çıxaran neoliberal siyasət anlayışı da, yaşanan mənzərənin səbəbləri sırasında göstərilə bilər. Qitədəki dövlətlərin səhiyyə sektoruna neoliberal siyasət çərçivəsində birbaşa investisiyaları azaltması, bunun yerinə isə özəl tibb müəssisələrin səmərəliliyinin artması, pandemiya və təbii fəlakət kimi hallarda sistemin tıxanmasına səbəb olmuşdur. Məsələn, Braziliyadan sonra bölgədə virusa yoluxma sayına görə ikinci yerdə olan Peruda  prezident Martin Viskarra, 24 İyun 2020 tarixində maraqlı bir açıqlama vermişdir. O, konstitusiyanın 70-ci maddəsini rəhbər tutaraq özəl tibb müəsisələrinə 48 saatlıq bir möhlət vermişdir ki, vətəndaşlara münasib qiymətlərə tibbi xidmətlərin verilməsi prosesi həyata keçirilsin. Əks təqdirdə bu muəssisələrin əmlaklarının müsadirə ediləcəyini bildirmişdir. Peru Konstitusiyasının həmən maddəsi milli təhlükəsizlik və ictimai zərurət olduqda özəl müəssisələrin müsadirəsinə imkan verir.  

Koronavirus pandemiyası səbəbiylə dünyanın aparıcı ölkələrində işyerlərinin bağlanması ilk olaraq miqrantların issiz qalmasına səbəb olmaqdadır. Bu da, pandmiyanın Latın Amerika iqtisadiyyatına təsir edən digər səbəblərindən biri olaraq görülə bilər. Xaricidən pul köçürmələri baxımından dünyada dördüncü sırada olan Meksikaya, xüsusi ilə ABŞ-da işləyən miqrantlar hər il (öz ailələrinə) milyardlarla dollar göndərməkdəydilər. Bu səbəbdən Meksikanın bu çərçivədə itkisinin 30 milyard dollara çatacağı proqnozlaşdırılır. 

Mütəxəssislər bölgədə yoluxmalardaki pik həddin hələ bir müddət daha davam edə biləcəyini söyləyirlər. Birləşmiş Millətlər Təşkilatı (BMT), pandemiyanın təsirləri fonunda bölgədəki 40 milyona yaxın insanın ərzaq qıtlığı problemi ilə üzləşdiyini elan etmişdir. Bölgənin 11 ölkəsində qida yardımlarına ehtiyacı olan insanların sayı 3,5 milyondan 14 milyona qədər yüksəlmişdir. Bunlardan başqa 26 milyon insan da ərzaq məhsulları əldə etməkdə çətinlik çəkməkdədir. Beynəlxalq Valyuta Fondu (BVF) Aprel ayındakı hesabatında qitənin iqtisadi artım tempində pandemiya səbəbi ilə ilk başlarda 5%-lik bir azalma olacağını qeyd etmiş, fəqət növbəti aylarda açıqladığı yeni hesabatda isə bu kiçilmənin 10%-ə qədər artacağını bəyan etmişdir. Eyni hesabatda bölgədəki ən böyük iki iqtisadiyyatın (Braziliya və Meksika) sırasıyla 9,1% və 10% faiz kiçilə biləcəyi proqnozlaşdırılmışdır. 

Dünya Bankı isə Latın Amerikası üçün 2020-ci ildə  4,6% kiçilmə olacağını açıqlamışdır. Bu statistikalara bənzər bir hesabatı da Birləşmiş Millətlər Təşkilatının Latın Amerikası və Karib İqtisadi Komissiyası (CEPAL / ECLAC) vermişdir. Bu təşkilat isə bölgə ixracatında 15% azalmanın və işsizlik nisbətində isə 3 bal artımın olacağına dair xəbərdarlıq edir.  Xammal ixracatında önəmli bir paya sahib olan Braziliya iqtisadiyyatının, pandemiya ve neft qiymətlərinin kəskin aşağı düşməsi səbəbiylə 2020-ci ildə rekord dərəcədə  kiçiləcəyi Braziliya Mərkəz Bankı tərəfindən də bildirilmişdir. Əhalisinin 35%-i yoxsulluq həddində yaşayan qitədə Beynəlxalq Əmək Təşkilatının (BƏT) verdiyi məlumatlara görə “kölgə iqtisadiyyatında” işləyənlərin sayı 150 milyon nəfərdən çoxdur. Digər bir ifadə ilə deyə bilərik ki, bölgə ölkələrindəki ümumi məşğulluğun 50%-i kölgə iqtisadiyyatının payına düşür və qeyri rəsmi iş yerinə sahib bu insanların 90%-i hazırda pandemiyadan birbaşa təsirlənmiş vəziyyətdədir. 

200 ildən çox müstəqillikləri boyunca gəlir bölgüsündəki bərabərsizlik, məşğulluq, səhiyyə və təhsil sahəsində ciddi problemlər yaşayan Latın Amerikası ölkələri kollektiv olaraq tarixlərinin ən ağır böhranını yaşayırlar. Əmək qabiliyyətinə malik vətəndaşların yarısı pandemiya səbəbindən gəlirlərinin 80%-ni itirmişdirlər. Xüsusilə səhiyyə və iqtisadiyyat sahələrinə ciddi ziyan vuran pandemiyanın ən azı 2021-ci ilə qədər təsirli olacağı gözlənilir.  Açılmış yaraların sağalması üçün isə uzun illər gərəkir. Bölgədəki mövcud ictimai və siyasi böhranın dərinləşməməsi və sosial partlayışlara səbəb olmaması üçün hökümətlər cəmiyyətin ən həssas təbəqələrinin problemlərini həll etmək istiqamətində cəsarətli addımlar atmalıdırlar. Ən maraqlısı da budur ki, bu qədər problemlər qarşısında qitənin aparıcı xalqları necə reaksiya göstərəcəkdir. Keçən il baş verən kütləvi etiraz hərəkatları və son bir ildə artan iqtisadi siyasi problemlər ağla gələn ilk mənfi cəhətlərdir. 

 

Müəllif haqqında: 

Tural Ömərli bakalavr təhsilini Ankara Universiteti Dil ve Tarix Coğrafiya Fakulteti (İspan dili və Ədəbiyyatı) və Anadolu Universiteti Beynəlxalq İqtisadi Münasibətlər üzrə almışdır. Magistr təhsilini Ankara Universiteti Sosial Elmlər İnsititutunda Latın Amerikası Araşdırmaları ixtisası üzrə bitirmişdir. Strateji Araşdırmalar Mərkəzində (SAM) Latın Amerika Araşdırmaları üzrə ekspert kimi çalışıb. Araşdırma mövzularına Latın Amerikası regionunda baş verən siyasi  və iqtisadi proseslər və Erməni Diasporasının bölgədəki fəaliyyətləri daxildir. Hazırda Türkiyə Respublikasında Beynəlxalq Münasibətlər və Politologiya ixtisası üzrə doktorantura pilləsində təhsilinə davam etməkdədir.


DİGƏR YAZILAR