Politicon.co
Marneulidə azərbaycanlıların etiraz aksiyası
Gürcüstanın etnik azərbaycanlılardan ibarət cənub əyaləti Marneuli mart ayının 22-dən bəri ciddi karantin rejimi altındadır və “qırmızı zona” elan edilmişdir. Buna səbəb isə Marneuli sakini bir qadının koronavirusa yoluxması və bu faktın gec başa düşülməsi idi. Belə ki, hökumət orqanları və səhiyyə nazirliyi virusun həmin qadın vasitəsilə rayon ərazisində yaşayan insanların əksəriyyətinə yoluxmasını ehtimal edirdilər.
Aprelin 23-də Marneuli bələdiyyəsinin bir neçə kəndindən fermerlər yığışaraq karantin rejiminə qarşı etiraz aksiyası keçiriblər. Aksiyanın əsas səbəbi kənd təsərrüfatı məhsullarının satışında yaşanan problemlərdir. Yerli əhalinin əksəriyyətinin kənd təsərrüfatı məhsullarının istehsalı və satışı ilə məşğul olduğunu və buradan gələn gəlirlə keçindiyini nəzərə alsaq, bu, anlaşılandır. Çünki fövqəladə rejim dövründə hökumət kənd təsərrüfatı ilə bağlı məsələləri tənzimləmək üçün hər hansı bir layihə irəli sürməmişdi. Problem yaşayan fermerlər karantin rejiminin aradan qaldırılması və kənd təsərrüfat məhsullarını satmaq üçün hökumətdən “fəal dəstək” tələb edirdilər. “Mən bankdan 35 min lari borc götürmüşəm. 20 min larilik məhsulum artıq xarab olub. Atıram və donuzlara yedizdirirəm. Buna ümid edirdik, indi neynəməliyik?!" – aksiya iştirakçılarından biri deyir.
Qeyd edək ki, məhsulların satışı hökumət tərəfindən müəyyən edilmiş bir firmaya tapşırılıb. Firma rəsmiləri etiraz aksiyası keçirilən yerə gələrək məhsulların alışında heç bir problemin olmayacağını, sadəcə Pasxa tətilinə görə alışa ara verildiyini açıqlayıblar.
Region rəhbərləri - Kvemo-Kartli qubernatoru Şota Rexviaşvili və Marneulinin meri Zaur Darğallı aksiya ərazisinə gələrək, insanları evlərinə qayıtmağa çağırıblar. Etirazçılardan biri Rexviaşvilinin qarşısını kəsərək “Bu gün mənim anam xəstələndiyi üçün biz təcili yardıma zəng vurmuşuq. Bizim çörəyə ehtiyacımız yoxdur? Acından öləcəyik? Siz də ac qalacaqsınızmı?”, - deyə soruşub. Rexviaşvili özünün istisna olmadığını və “indi hamı acından ölür” deyə etirazçıya cavab verib. "Virusun yayılması riski var və bundan sonra heç kim xiyarla maraqlanmayacaq" deyərək həmin gündən etibarən böyük toplanmaların qarşısını almaq üçün məhsullarını gətirəcək vətəndaşların əvvəlcədən siyahılarının hazırlanacağını söylədi. Rexviaşvilinin aksiya iştirakçılarına məhsul satışı üçün daha çox yük maşını gətiriləcəyinə dair söz verməsindən sonra aksiya dayandırılıb.
Aksiyada bir neçə maraqlı hadisə baş verib. Belə ki, iştirakçılardan bəziləri keçmiş prezident Mixail Saakaşviliyə istinad edərək “Mişa! Mişa!” deyə qışqırıb. Rəqibi Gürcü arzusu” partiyasını tənqid etmək və Gürcüstandakı sosial-iqtisadi problemlərə diqqət çəkmək istəyən Saakaşvili də məhz bu fraqmenti öz rəsmi Feysbuk hesabında paylaşıb. Bundan əlavə, mitinqdə “Avropa Gürcüstanı” partiyasının üzvü Əhməd İmanquliyev və VMH üzvü Azər Süleymanov (hər ikisi etnik azərbaycanlı) da iştirak etmişdir.
Bu hadisədən sonra media orqanları aksiyanın “siyasi” olduğunu və müxalif partiya olan “Vahid Milli Hərəkat” (VMH) partiyası tərəfindən təşkil edildiyini yazmağa başlayıblar. Hakim “Gürcü Arzusu” partiyası da VMH və “Avropa Gürcüstanı” partiyalarını günahlandırıb. İqtidar partiyasının deputatlarından olan İrakli Kobixadze deyib ki, “Bu cinayətdir və onlar (VMH) odla oynayırlar.” Kvemo-Kartli qubernatoru isə prosesi İmamquliyevin “səhnələşdirdiyi tamaşa” adlandırıb.Qeyd edək ki, aksiya iştirakçıları bu fikirləri rədd edib və aksiyanın siyasi olmasını qəbul etməyiblər. “Məni günahlandırırlar. Qubernator gəlib və bizim əhaliyə gülür. Aksiyada “Gürcü arzusu”nun dəstəkçisi olan adamları sizə göstərə bilərəm. Bu əhalini həqiqətən bu problem narahat edir. Qubernator gəlir və bu qədər xalqı günahlandırır, ayıbdır”, - “Avropa Gürcüstanı” partiyasının Marneuli ofisinin rəhbəri İmamquliyev deyir.
Maraqlıdır ki, etiraz askiyası ciddi karantin rejimi altında alındıqdan sonra Marneuli bölgəsi və əhalisi ilə bağlı ətrafında baş vermiş ilk insident deyil. Martın ikinci yarısında bölgənin bağlanmasından sonra bəzi etnik gürcülər tərəfidən ölkənin etnik azərbaycanlılarına qarşı nifrət nitqlərinin səslənməsi və diskriminasiya kampaniyasının aparılması başlamışdı. Sosial şəbəkələrdəki bu kampaniyada əsas vurğu azərbaycanlıların dövlət dilini bilməməsi, məhz bu maneəyə görə koronavirusla bağlı qaydalara əməl etməməsi və beləliklə də bütün ölkəni təhlükə altına salmasına qoyulmuşdu.
Başqa bir insident isə azərbaycanlı din xadimi, Ümum-Gürcüstan Müsəlmanları idarəsinin şeyxi Mirtağı Əsədov ilə bağlıdır. Aprelin 16-dan etibarən Gürcüstan ərazisində nəqliyyat vasitələrinin hərəkəti, bir sıra istisnalar daxil olmaqla tamamilə dayandırıldıqdan sonra sonra əhaliyə yardım paylayan şəxslər maneə ilə rastlaşıblar. Buna görə də Əsədov Marneulinin rəhbərliyinə müraciət edərək o əhaliyə ərzaq məhsullarının çatdırıması üçün avtomobildən istifadəyə icazə istəmiş, lakin rədd cavabı almışdı. Buna qarşılıq olaraq Əsədov uzunqulaqdan istifadə edərək bir neçə ailəyə ərzaq payı aparıb. Əsədov meriyanın bu qərarının da azərbaycanlılara qarşı diskriminasiya olduğunu söyləyib. O, öz Feysbuk hesabında “yenə də ikili standartların şahidi olduq, kilsə nümayəndələrinə maşından istifadəyə icazə verilir, amma bizə yox” deyə paylaşım edib.
Etiraz aksiyasından sonra Marneuli meri Zaur Darğallı Ağaməmmədli kəndində əhali ilə görüşərək "Sakinlər öz məhsulunu şəxsi avtomobilləri ilə Marneuli və kəndlərdə yerləşən mağazalara sata bilərlər. Onların avtomobillərinin hərəkətinə heç bir məhdudiyyət qoyulmayacaq", - deyə açıqlama verib. Onun sözlərinə görə, maşınların bələdiyyə ərazisində sərbəst hərəkət etməsi üçün polislə artıq razıllığa gəlinib: Marneuli sakinləri öz məhsullarını avtomobillərinə yükləyib yerli obyektlərə təhvil verə bilərlər. Bunun üçün heç bir icazə lazım deyil, belə ki bu məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin əməkdaşları ilə söhbət olunub. Həmçinin, Marneulidən kənarda şəxsi müştərilərin də yerli orqanlarla əlaqə saxladaıqdan sonra regiona daxil olub malları almasına şərait yaradılacaq.
Artıq kənd sakinləri öz məhsulunu yük maşınları ilə Tbilisiyə aparıb orada anbarlara təhvil verə bilir.
- ETİKETLƏR :
- Gürcüstan
- koronavirus
- COVID-19
- pandemiya
- Marneuli
- MÖVZULAR :
- Daxili işlər
- Cəmiyyət
- BÖLGƏLƏR :
- Rusiya və MDB