Politicon.co

İran: İnqilabın İxracı

İran: İnqilabın İxracı

1978-1979-cu illərdə ötən əsrin ən mühüm hadisələrindən biri olan İran İslam İnqilabı baş verdi. İnqilab ölkədəki 2500 illik monarxiyaya son qoyaraq yeni bir respublika sistemi yaratdı. Ölkədəki ruhanilərin dövlət idarəetməsindəki rolu artdı və digər siniflərin ölkədəki nüfuzu azaldı.

İslam İnqilabının əsas ideoloqlarından biri Əli Şəriəti idi. O, marksizmlə islam konsepsiyalarını birləşdirmiş və bir növ İnqilabi Dini hərəkatın zəminini hazırlamışdı. Tarixi materyalizmi qəbul etsə də İranın əsas kommunist partiyası olan Tudehə qarşı heç də yaxşı münasibətdə olmamışdı. Ona görə, İran renesans, maariflənmə və sənayeləşmə dövrlərini keçmədiyi üçün həmçinin, milli və dini adət-ənənələrin hələ də yüksək səviyədə qorunduğu üçün, xalq Tudehin ateist fikirlərinə olduqca mənfi yanaşırdı. O, həmçinin mühafizəkar Şiə üləmasının da əleyhinə olmuşdur. Şəriətinin fikrincə İranı inqilabın izi ilə aparacaq olan sinif inteligentsiyadır eyni zamanda İran inteligentsiyasının orada bəxti gətirib ki, Şiə məzhəbi inqilabi fikirlərə çox uyğundur. İran İslam Respublikasının xarici siyasətinin əsası olan zülmkarlar və məzlumlar anlayışı da Əli Şəriətidən gəlmişdir. Ona görə dünya yaranandan bəri Habil və Qabilin timsalında, bütün dünya zülm edənlər və zülmə məruz qalanlar arasında ikiyə bölünmüşdür.

İnqilabın baş vermə səbəbi son dəqiqədə edilən bu və ya o siyasi yanlışlar deyildi. Onlarla ildir İran cəmiyyətinin dərinliklərində yığılmış oppressiyanın partlayışı idi. Beynəlxalq təzyiqlər sonrası Şah ölkədəki məhkəmə sistemini və gizli polisin fəaliyyətlərini azaldanda bundan istifadə edən müxalif qüvvələr yenidən ortaya çıxdı və hətta başlanan şiddətli mitinqlər nəticəsində 1 tələbə ölmüş 70 nəfər yaralanmış, 100 nəfərdən çoxu həbs edilmişdi. 1978-ci ilin yanvarında hökümət yönümlü İttilaat qəzeti Xomeynini pisləyən və onu Hindu adlandıran bir məqalə yayımladıqdan sonra, Qum şəhərində üsyan başladı və üsyançılar şəhər küçələrini ələ keçirərək polis qüvvələri ilə döyüşə girdilər. Bunun nəticəsində dövlət təxminlərinə görə 2 nəfər, müxalifətə görə isə 70 nəfər ölmüşdü. Bundan sonra 40 gün üsyanları başladı. Təbriz, Yəzd, İsfahan və Qumdakı üsyanlarda müxalifətə görə 250-dən çox insan öldürülmüşdü. 19 avqust 1978-ci ildə Abaqanda kino zalında baş verən yanğında 400 nəfərin ölməsi, xalqı daha da qəzəbləndirdi və təxmini 10.000 nəfər Abaqana doğru Şah əleyhinə şüarlar səsləndirərək irəlilədilər. 8 sentyabr 1978-ci ildə ölkədə Fövqəladə Vəziyyət elan olundu və Şah Jalə meydanındakı üsyançıları dağıtma əmri verdi. Bəzi mənbələrə görə 4000 nəfərdən çox adam vurulmuşdu. Bu hadisədən sonra, bütün özəl sektor ardınca isə hökümət dairələri boykot elan etdilər. 1 fevralda Ayətullah Xomeyni İrana qayıtdı, 2 həftə sonra isə Şah ölkəni tərk etdi. 11 fevralda tarixi anons verildi: “Bu İranın səsidir, gerçək İranın səsi, İslam İnqilabının səsi”. 1 aprel referandumunda 21 milyon seçicinin 20 milyonu səsvermədə iştirak etdi və İslam konstitutsiyası qəbul edildi. Ölkənin lideri-Rəhbər silahlı qüvvələrin və inqilabi paramilitar milislərin başçısı idi. Məscidlərdə cümə ibadətlərinə başçılıq edənləri təyin edə bilir, prezidenti təsdiq və ya vəzifəsindən xaric edə bilir, cəmiyyət, hökümət və siyasətdə son söz sahibidir. İran üləmasına görə bu vəzifəni tuta biləcək yeganə şəxs Vilayəti Fəqihdir. Bu adam özündə dini və dünyəvi bilikdən əlavə əxlaqi və ədalət keyfiyyətlərini də birləşdirməlidir. İslami siyasətin əsasını torpaq və ya siyasət yox ilahi plan təşkil edir. İslam dövləti buna görə də öz təsir dairəsini genişləndirə və bütün ümmətə başçılıq etmə məsuliyyətini öz üzərinə götürə bilər. Ayətullah Xomeyniyə görə İslam inqilabının 4 mərhələsi vardır: 1. İnsanları inqilaba hazırlamaq və onları birləşdirmək; 2. Monarxiyanı ləğv etmək; 3. İslam dövlətini yaratmaq; 4. Bütün Müsəlman və Qeyri-Müsəlmanlar tərəfindən qəbul ediləcək model dövlət sistemi yaratmaq (İnqilabın İxracı). Xomeyniyə görə sadəcə dini dövlət/ilahi dövlətin ölkə idarə etməyə haqqı vardır. Digər bütün növ idarəetmələr qeyri-legitimdir.

Konstitutsiyanın xarici siyasətlə bağlı olan 152-154-cü maddələrində açıqca deyilirdi ki: “İran digər ölkələrin daxili siyasətinə qarışmır, ancaq dünyanın hər yerində əzənlərə qarşı əzilənlərə kömək edəcəkdir.” Xarici siyasətin 3 əsas müddəası: Məsihin dünya hakimiyyəti üçün yol açmaq, başqa ölkələrdə xalqçı, İslami hökümətlər qurmaq və ən əsası İranda İslam hökümətini qorumaq. Sonuncu olmadan digər ikisini etmək mümkün olmayacaq. İnqilabın ixracı məsələsində İranın digər ölkələrdən istəyi əsl İslam höküməti yəni anti-monarxiya, pro-İran dini liderlər tərəfindən idarə edilən İran bənzəri dini hökümət qurulması və əsl müstəqillik adlandırılan SSRİ və ABŞ-dən azad xarici siyasət aparmaqdır.

İnqilabdan sonra İran inqilabi ideyaları ölkənin milli maraqları ilə birləşdirə bilmişdi. Buna baxmayaraq demək olar ki həmişə İran dövlət maraqlarını inqilabi maraqlarından üstün tutmuşdur. Məsələn SSRİ dağıldıqdan sonra yaranan Mərkəzi Asiya ölkələri ilə yaxşı münasibətlər qurmağa çalışan İran, bu ölkələrin bir çoxunun qərb və ABŞ ilə münasibətləri olmasını gözardı etmiş həmçinin Ermənistan-Azərbaycan münqişəsində Ermənistanı dəstəkləmişdir. Xomeyniyə görə inqilabı ixrac etmək üçün ən əsas yol sülh idi. Bundan başqa inqilabi propaqanda adlandırılan siyasət aparılırdı. Xüsusən cümə günü məscidlərdə keçirilən dini seremoniyalarda inqilabi ideyalar xalqlara aşılanırdı. Digər bir yol isə şiəliyi xarici üləmaların əli ilə yaymaq idi. Bu məqsədlə 1983-cü ilin mayında İranda Xomeyni tərəfindən dünya üləmalarının konqresi keçirildi və Xomeyni digər bütün xalqları İran kimi inqilab etməyə və İslam höküməti qurmağa çağırdı. Konqresin sonunda üləmalar yekdilliklə Xomeyninin İmamlığa layiq olduğunu bildirmişdilər.  Mustafa Beynəlxalq Univerisitetinin rəhbəri Ali Liderdir və o, bu təhsil qurumunun üzvlərini istədiyi kimi dəyişə, təyin edə və vəzifəsindən azad edə bilər. Univerisitetin rəhbərliyinin demək olar bütün hamısı Ali Lider tərəfindən təyin edilir. 60-dan çox ölkədə filialı olan bu univeristitetdə 2500 nəfər akademik çalışır. Qana, İndoneziya və London İslam Kolleci bu filiallar arasındadır. Univeristet müasir dövrdə hökümət tərəfindən 1 milyon dollardan çox maliyyələşdirilmişdir. Mərkəzi Qum olan bu univerisitet, Ayətullah Arafi, Ayətullah Cəfər Sübhani və Makarem Şirzaiyə görə İran İnqilabının əsas məqsədlərindən biri olan İnqilabı ixrac etməkdə çox mühüm rol oynayır.

Ayətullah Ruhullah Xomeyni çıxışında demişdi ki İran xaricdə öz imicini yaxşılaşdırmalıdır ki, İnqilabı İxrac edə bilsin.

“Bizim xaricdəki propaqandamız 0 dərəcəsindədir. Biz rəsmi səfərlərdən əlavə rəsmi olmayan səfərlər də etməliyik. Biz inqilabı ixrac etmək istəyiriksə, ölkələrdə xalqın hakimiyyəti əlinə alması və 3-cü təbəqənin hakimiyyətə gəlməsi üçün nəsə etməliyik.”

Xomeyninin yazdıqlarına və çıxışlarına əsasən belə iddia olunur ki, İran hücum müharibələrinin əleyhinədir və müdafiə müharibələrini də İranın müdafiəsi olaraq yox İslam dininin müdafiəsi kimi qəbul edir. İran-İraq müharibəsi başlanandan 2 il sonra İran xarici qüvvələri ölkədən çıxartdı və müharibə İraq ərazisinə keçdi. Bundan baxmayaraq müharibənin davam etməsinin başlıca səbəbi İran dairələrinin Səddam Hüseyn rejiminin devrilməsi və əhalisinin 60%-dən çoxunu şiələrin təşkil etdiyi İraqda İran yönümlü İslam höküməti qurmaq idi. Bu müharibə İranda İslam Respublikasının daha da güclənməyinə səbəb oldu və əhalinin yeni yaranmış hökümətə etimadını artırdı. New York Times qəzetindəki bir məqalədə belə deyilirdi: “Üstündə Sar Allah (Allahın Döyüşçüləri) yazılı qan qırmızısı başlıqlar taxan ruhanilər tərəfindən səfərbər edilmiş 12-17 yaşlı döyüşçülər şəhidlik ideyasını paltar kimi geyinmiş və silahsız şəkildə minalanmış bölgələrə ölüm missiyalarına göndərilir və tanklara yol açırlar. Onlar deyirlər ki: Mənim cənnətə getmək üçün birbaşa İmamdan razılığım var.”

1988-ci ildə Xomeyninin deyişi ilə “zəhər içərək” BMT-nin sülh təklifini qəbul edən İran, yenidənqurma işinə girişmiş və İraqın daxili işlərinə qarışmaq istəməmişdi. 1991-ci ildə İraqın cənubunda baş verən şiə üsyanında İran üsyançılara demək olar heç bir yardım göstərməmişdi. 2003-cü ildə ABŞ tərəfindən Səddam Hüseyn rejiminin devrilməsi ilə İran İraq üzərindəki təzyiqini artırdı. Bir çox terror aktları törədilməsi (bunun İran tərəfindən edilib edilmədiyi məlum deyil) ardınca beynəlxalq təzyiqlər nəticəsində ABŞ İraqdan çıxdı. Bundan sonra İranın İraq üzərindəki nüfuzu daha da gücləndi.

Əsl İslami olmaq üçün, Körfəz ölkələri İrana körfəzin təhlükəsizlik məsələsini həvalə etməlidirlər. Şahın "Pax Iranica" siyasəti ilə Xomeyninin Pax İslamica siyasəti körfəzdə demək olar ki eyni idi. Hər ikisi də körfəzin təhlükəsizliyinin İrana əmanət edilməsini istəyirdi. İran bir çox inqilabi hərəkata ev sahibliyi edirdi. Bunlardan başlıcaları İraq, Bəhreyn və Ərəb Yarımadası İnqilabi Cəbhələri idilər. Əhalisinin bir çox hissəsini şiələr təşkil edən Bəhreynə qarşı İran təhdidvari siyasət aparırdı. Bir çox dövlət adamı Bəhreyndəki şiələri üsyana çağırmış və onların da İran üsulunda bir İslami hökümət qurmalı olduqlarını bildirmişdilər. 1981-ci ildə Bəhreyndə Bəhreynin Azad Edilməsi üçün İslam Cəbhəsi təşkilatı dövlət çevrilişinə cəhd göstərdi. Mərkəzləri Tehranda olan bu cəbhənin üzvlərinin bir çoxu həbs edildi və onlar İranın Qum şəhərində yetişdirilib, silahlandırıldıqlarını dedilərsə də İran bütün iddiaları rədd etmişdi. 1983-cü ildə Küveytdə silahlı terror hadisələri baş verdi və Küveyt rəsmiləri bu hadisəni İranın etdiyini bildirdisə də İran yenə də bütün ittihamları rədd etdi. Bu hadisələr bütün ərəb dünyasını təşvişə saldı. Qərb yönümlü siyasət aparan Körfəz ölkələri İranın Yaxın Şərqdə apardığı siyasətə qarşı güclərini birləşdirmək qərarına gəldilər. Hələ 1981-ci ildə yaradılan Körfəz Korporasiya Şurası (Gulf Corporation Council), baş verən hadisələrdən sonra mərkəzləşmə siyasətini daha da artırdı. Səudiyyə Ərəbistanın əsas rol oynadığı bu təşkilat Körfəzdə İran əleyhinə yeni bir güc meydana gətirdi. Səudiyyə Ərəbistanında şiələrin sayı az olsa da, onlar daha çox neftlə zəngin şərq vilayətlərində məskunlaşmışdılar və İran inqilabından sonra bu ərazidə 2 şiə üsyanı baş vermişdi.

İran-İraq müharibəsinin gedişində İranın İraqla əlaqələri olan tankerləri vurmağa başlaması ilə Səudiyyə Ərəbistanı ilə İran arasında münasibətlər daha da kəskinləşdi. 1984-cü ilin 5 iyununda Səudi hücum təyyarəsi İran Hava Qüvvələrinə məxsus təyyarəni vurdu. İran isə bunu sadəcə protest etməklə kifayətləndi. Bununla da Səudiyyə Ərəbistanı illərdir milyardlarla dollar xərcləyərək qurduğu Hərbi Hava Qüvvələrindən yeri gəldikdə istifadə edəcəyini İrana açıqca bildirmiş oldu.

Şah dövründən Livanla yaxşı münasibətləri olan İran, İslam inqilabından sonra bunu daha da gücləndirdi. Livandakı şiələrin əsas təşkilatı olan Hizbullaha hərbi və maliyyə yardımlarının ayrılması və əvəzində təşkilatın Xomeynini və İranı dini lider kimi tanıması prossesi İranın Livandakı nüfuzunu daha da gücləndirdi. Oslo sülh prossesi davam etdiyi və reformist Xatəminin prezident seçilməsi ilə İranın İsrailə qarşı olan münasibətində müəyyən dəyişikliklər baş verdi. Reformist hökümət dairələri Fələstinin İsraillə razılığa gəldiyini bildirərək İranın bu məsələdə neytral qalmalı olduğunu müdafiə edirdilər. Buna baxmayarq Corc Buşun 2001-ci ildəki “Axis of Evil” çıxışında İranı terrorist dövlət kimi tanımağı, İranda reformistlərin məğlub olaraq siyasətdən uzun müddət uzaqlaşdırılmalarına səbəb oldu. Yeni gələn prezident Mahmud Əhmədnejad yenidən Fələstinə açıq dəstək verməyə başladı və hətta Holokost hadisəsini mif adlandırdı. Bunun əsas səbəbi böyük ehtimalla artan iqtisadi problemlər timsalında xalqın diqqətinin xarici düşmənə çəkmək istənilməsi idi. Fələstindəki İslami Cihad təşkilatı ilə münasibətlər gücləndikdən sonra İran Həmasla əlaqələr qurdu. 2006-cı il 25 yanvar Fələstin seçkilərindən əvvəl İran rəsmiləri Dəməşqdə Həmas və digər İslami təşkilatların başçıları ilə görüşüb onlara dəstək vəd etdilər və seçkilər nəticəsində Həmasın qalib gəlməsi ilə İsrailin İslami Təşkilatlar tərəfindən mühasirəsi prossesi daha da gücləndi.

2001-ci ildə Əfqanıstanda Taliban rejiminin devrilməsi ilə İranın buradakı nüfuzu güclənməyə başladı. Mustafa Beynəlxalq Universitetinin Kabulda bir filialı açıldı və bura 1000 nəfərdən çox tələbə qəbul edildi. Farscanın Dari ləhcəsinin Əfqanıstanda rəsmi dillərdən biri olması, İranın buranın təhsilindəki nüfuzunu artırırdı. Universitetlərdə istifadə olunan dərsliklərin demək olar hamısı İrandan gətirilmə və tərcümə edilənlər idi. İran həmçinin Əfqanıstandakı Həzəra və Qızılbaş şiələrin siyasi hüquqlarını dəstəkləmişdi. İrana görə əgər onların siyasi hüquqları dövlət səviyəsində tanınmasa, onda şiələr hökümətdən kənarda qalacaq və qanunverici dairələrdə söz sahibi ola bilməyəcəklər. İran Əfqanıstanın qərb vilayəti və Herat şəhərinin infrastrukturuna böyük miqdarda investisiya ayırmış və buradakı yolları, körpüləri, məscidləri və məktəbləri bərpa etmişdi.


DİGƏR YAZILAR