Politicon.co

İsrail-HƏMAS müharibəsində beynəlxalq və regional aktorların maraqları

İsrail-HƏMAS müharibəsində beynəlxalq və regional aktorların maraqları

Həmas–İsrail müharibəsi 2023-cü il oktyabr ayının 7-də Həmasın Qəzzə zolağından İsrailə atəş açması və sərhədləri keçməsi ilə başlamışdır. Həmasın hücumu zamanı 7 oktyabr saat 6:30-da 2200 raket Tel Aviv də daxil olmaqla, İsrailin cənubu və mərkəzinə doğru atılmışdır. Hücumda ən az 2500 silahlı fələstinli Qəzza-İsrail səddini aşaraq, hərbi bazalara hücum edib və ətrafdakı İsrail icmalarında mülki əhalini qətlə yetirib. İsrail Baş Naziri Netanyahunun sözlərinə görə 7, oktyabr hücumunda 1200-dən çox israilli öldürüldü, 6900 nəfər isə yaralandı. Silahsız mülki girovlar və əsir götürülmüş İsrail əsgərləri,  qadın və uşaqlar da daxil olmaqla Qəzza zolağına aparıldı. Hücum zamanı Həmasın döyüşçüləri İsrailin bir neçə ərazisini- Sderot, Reim və.s tutdular. Qəfil hücum İsrailin əks-hücumu ilə qarşılandı və İsrail bir gün sonra Həmasa rəsmi olaraq müharibə elan etdi. Müharibə elanı İsrail baş naziri Benyamin Netanyahunun şənbə günü ölkəsinin müharibədə olduğunu deməsindən sonra verilib. Nazirlər kabinetinin son qərarı həmin bəyanatı rəsmiləşdirdi. Müharibənin 2-ci və 3-cü günlərində İsrail ordusu həmin əraziləri azad etdi və Həmas döyüşçüləri geriyə çəkilməyə məcbur edildi. Həmas tərəfindən başladılmış hərbi toqquşmalara “Əl-Əqsa Fırtınası əməliyyatı” adı verilmişdi. Daha sonra isə İsrail hökuməti Qəzza zolağında “Dəmir qılınc” adlı əməliyyatın başladığını bildirdi və Həmasın cəzalandırılacağını söylədi. Bu əməliyyata xarici qüvvə kimi ABŞ öz dəstəyini bildirdi və İsrailə 1 uçuş gəmisi, 120 döyüş təyyarəsi və 4,5 milyard dollar göndərildi. Lakin ABŞ prezidenti C. Bayden İsrailə birbaşa ordu göndərməyə ehtiyacı olmadığını, İsrailin çox güclü orduya malik olduğunu bildirdi.

ABŞ açıq şəkildə İsrailə dəstək olduğunu elə ilk gündən bəyan etmişdi. İsrail həmçinin regionda ABŞ-ın əsas müttəfiqidir və İranın regionda güclənməsinə qarşı olan əsas oyunçudur. Vaşinqton 2020-ci ildən bəri İsrail və ərəb dövlətləri arasında onun böyük səyləri ilə başlanmış normallaşma prosesinin də bu müharibə ilə pozulmasını istəmir və inanır ki, Yaxın Şərqdəki problem yalnız İsrail və ərəb dövlətləri arasındakı normallaşma ilə mümkündür. Açıq şəkildə İsraili dəstəkləyən ölkələr sırasına ABŞ-la yanaşı Böyük Britaniya, əksər Aİ üzvləri (Almaniya, İtaliya və s.), Ukrayna və digərləti aiddir. İsrailə qarşı olub, Fələstini açıq şəkildə dəstəkləyən ölkələr isə İran, Qətər və bəzi digər müsəlman ölkələridir. Hər iki tərəfi atəşkəsə çağıran ölkələr sırasına Azərbaycan, Türkiyə, CAR, BƏƏ, Səudiyyə Ərəbistanı, Sudan, Çin, Pakistan daxildir.  

Regional kontekstdə, İsrail-Həmas müharibəsində maraqlı tərəflərdən biri İrandır. İranın özü birbaşa hücumda rolu olmadığını dəfələrlə qeyd edir, çünki İran birbaşa ABŞ-la müharibəyə girməkdən çəkinir. Bunun başlıca səbəbi, İran rəhbərliyinin belə bir müharibənin ölkədə onsuz da narazı olan əhalinin rejimə qarşı etirazlarını daha da artıracağından, rejimin devrilməsinə gətirib çıxaracağından narahat olmasıdır. Bununla belə, İranın Həmasa maliyyə və silah cəhətdən yardımı danılmaz bir faktdır.

İranın Suriyada vətəndaş müharibəsi zamanı, Suriya əhalisinin Bəşər Əsədə qarşı kəskin etirazlarına baxmayaraq, müharibəyə müdaxilə edərək Bəşər Əsədin hakimiyyətdə qalmasını təmin etməsi, həmin dövrdə müsəlman dünyasında İranın imicinə böyük zərbə vurmuşdu. İndi İsrail-Həmas müharibəsində İran müharibəyə birbaşa müdaxilə etməyərək, diplomatik sferada bu müharibə ilə pozulmuş imicini bərpa etməyə çalışır. Həmçinin, İsrailin hətta son dövrlərdə Türkiyə və digər ərəb dövlətləri ilə normallaşması İranı narahat edən əsas məsələlərdən biri idi. İran Fələstin məsələsinin unudulmasını istəmir. ABŞ-ın regiondan çıxarılmasına nail olmaq da, İranın diplomatik sferada nail olmaq istədiyi uğurlardan biridir. Beləliklə, İran müsəlman dünyasının lideri statusunu qazanmağa çalışır.

Digər region ölkəsi Misir müharibənin əvvəlindən  narahatlığını bildirsə də, Misirin ən narahat olduğu mövzu bu hücum- İsrailin Qəzzaya endirdiyi zərbələr nəticəsində burdan mümkün olan qaçqın axınlarıdır ki, onsuz da Sinay yarımadasında aktiv terrorist qruplar burada daha da məsələni qarışdıra və seperatizmə əl ata bilər. Çünki Qəzzadan gəlmiş Fələstinlilər heç vaxt sabitlik şəraitində belə geriyə qayıtmayıblar. Həmçinin Misir ərazisindən bu qüvvələrin mümkün İsrailə hücumu nəticəsində İsraillə müharibəyə daxil olmaq istəmir. 1980-ci ildən normallaşma şəraitində yaşayan Misir ölkədə sabitliyi və iqtisadi vəziyyəti pisləşdirəcək bir müharibəyə daha girmək istəmir.

Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri Həması zəiflətmək və regional münaqişədən qaçınmağa çalışırlar, çünki İsraillə bağlanacaq müqavilə sayəsində bölgədə iqtisadi inkişafa və sabitləşməyə nail olmağa ümid edirlər. Həmçinin, Səudiyyə Ərəbistanı bu müharibədən sonra normallaşma prosesinin mümkünlüyünə toxunaraq bunu sübut etdi. Bir səbəb də bu iki dövlətlərin təhlükəsizlikləri üçün Amerikaya bağlılığı və İranla maraqlarının toqquşmasıdır. ABŞ eksperti Stiven Kukun fikrincə  Qətər əmirinin öz atasını Amerikan birləşmələri ilə devirməsi və intiqam almağa çalışan ailə üzvülərinə qarşı həmin qoşunlar tərəfindən qorunması, həmçinin bölgədə qonşu ölkələrdən, məsələn Sədiyyə Ərəbistana qarşı öz təhlükəsizliyinə Amerikan bazaları ilə nail olması, Qətərin həm ABŞ ilə əlaqələri pozmamaq, həm də Həmasa pul dəstəyinə davam etməsini çətinləşdirsə belə, Qətər münaqişədə əsasən mediator kimi çıxış etməyə çalışır və ikitərəfli işləyir. Bunun başlıca sübutu isə, elə bu yaxınlarda Qətər vasitəsilə müvəqqəti atəşkəsə nail olunaraq, əsir götürülmüş 110 şəxsin- 80 israilli daxil olmaqla geri qaytarılmasının qarşılığında həbs edilmiş 240 fələstinlilərin dəyişdirilməsidir.

Suriya, İraq, Yəmən və Livanda olan İran dəstəkli qüvvələr (məsələn Husilər,  Hizbullah) müharibəyə qarışması, regional münaqişə ilə nəticələnə bilər ki, İran bunu istəmir və bu qüvvələri İsrailə tam hücumdan çəkindirir. Onsuz da ölkələri iqtisadi cəhətdən çöküntüdə olan Livan və Suriya hökümətləri bu münaqişəyə çəkilmək istəmirlər.

Beynəlxalq kontekstdə, ilk növbədə ABŞ-ın böhrana İsrailin xeyrinə açıq və sərt müdaxiləsi Co Bayden administrasiyasının ənənəvi İsrailyönlü siyasətindən daha çox Ukrayna və Tayvana yanaşması ilə birlikdə nəzərdən keçirilməlidir. Bu mənada ABŞ xarici siyasətində bu şəkildə rəsmi şəkildə ifadə olunmasa da, “Bayden doktrinası” kimi ümumiləşdirilə biləcək bir yanaşmadan danışmaq lazımdır. Bu, Ukrayna və Tayvan kimi aktorlara güclü öhdəliklər götürən və bunu demokratiya və anti-avtoritarizm diskursuna əsaslanan xarici siyasət yanaşmasıdır. Bu baxımdan Bayden administrasiyası dövründə ABŞ düşmən və ya rəqib kimi gördüyü aktorlara qarşı kifayət qədər aqressiv şəkildə kiçik aktorları dəstəkləyir. Bu, öz həyətlərindəki digər əsas oyunçuları balanslaşdırmaqdan çəkinməyən çox aqressiv bir yanaşmadır. Beləliklə, ABŞ həm ümumən beynəlxalq nizamda, həm də vacib saydığı bölgələrdə müttəfiqlərini qoruyaraq bu məsələnin özbaşına buraxılmayacağını vurğulayır. Bu mənada o, Avropada Ukraynanı, Şərqi Asiyada Tayvanı, Yaxın Şərqdə İsraili müdafiə edilməli olan müttəfiq kimi görür. Demək olar ki, ABŞ digər regionlardakı rəqiblərini cəsarətləndirməməyə və İsrailin təhlükəsizlik zəifliklərini daha geniş münaqişəyə cəlb etmədən balanslaşdırmağa çalışır. Güclü qonşularına qarşı zəif olan aktorları dəstəkləmək güc balansı məntiqi baxımından beynəlxalq siyasətdə adi bir davranışdır. ABŞ-ın xarici siyasətində də kifayət qədər nümunələr var. Burada nəzərdə tutulan ABŞ-ın son illərdə Rusiya, Çin, İran kimi güclərə yer vermək siyasətinin sona çatmasıdır və ABŞ bunu Bayden administrasiyası altında çox aqressiv və cəsarətli şəkildə edir.

Fransa, Almaniya, İtaliya, Böyük Britaniya və ABŞ Yaxın Şərqdə davamlı sülh üçün əllərindən gələni edəcəklərini bəyan ediblər. Onlar bəyanatlarında terrorun heç vaxt bəraət qazana bilməyəcəyi vurğulayıb və Həmasın terror hərəkətlərinin heç bir əsası, legitimliyi olmadığı və hamılıqla pislənilməli olduğu bildiriliblər. Fransa prezidenti Makron bəyan etmişdir ki- “Ölkələrimiz İsrailin özünü və xalqını bu cür vəhşiliklərə qarşı müdafiə etmək səylərini dəstəkləyəcək”. Bəyanatda həmçinin İranın Həmasın hücumlarının arxasında dayandığına işarə edilib və "Biz həmçinin vurğulayırıq ki, bu, İsrailə düşmən olan hər hansı bir tərəfin bu hücumlardan üstünlük əldə etmək üçün istifadə edəcəyi bir an deyil".

Çin Orta Şərqdə ərəb dövlətləri ilə iqtisadi əlaqələri gücləndirmək və ABŞ-in dünya sistemində rəqibi kimi çıxış edə bilmək üçün bu regionda öz nüfuzunu artırmağa, güclü iqtisadi əlaqələr qurmağa  çalışır və buna görə də Həması birbaşa qınamır. Rusiya da regionda nüfuzunu artırmağa çalışır, 2006-cı ildən bəri əlaqələrinin isinməsi, Həmas üzvləri ilə həmin dövrdən başlayaraq görüşlərin təşkili və  onların İsrail-Həmas müharibəsi dövründə Həmasın deleqatı Abu Marzouk ilə oktyabrın 26-da  Moskvada hər iki tərəflə əlaqələrin qurulmasının vacibliyini qeyd edərək görüşməsində özünü göstərir. Lakin İsrail Ukrayna müharibəsində Rusiyanı birbaşa qınamaqdan və sanksiyalardan çəkinməsi, Rusiyanın dəstəyinin sadəcə həmin səviyyədə qalması ilə nəticələnəcək, çünki Rusiyaya hal-hazırda Qərbin İsraili dəstəkləmək üçün Ukraynaya dəstəyini  azaltması sərf edir və münaqişənin uzun çəkməsi Rusiyanın marağındadır. Türkiyənin mövqeyi ilkin dövrdə danışıqlara çağrışa yönəlsə də, Ərdoğan seçicilərinin əsas bazasını qorumaq, müxalifətin tənqidini dayandırmaq, bölgədə nüfuzunu saxlamaq məqsədi ilə İsraili sərt şəkildə qınamağa başlamışdır. Bu da onların yeni başlanan normallaşma prosesinin artıq donmasına, Türkiyənin isə burada barışdırıcı kimi çıxış etməsinə yaxın gələcəkdə maneə törədəcək.

Beləliklə, gözlənilməyən bu hücum özünü İsrailin təhlükəsizliyinin tək təminatçısı kimi tanıdan Netanyahu üçün böyük zərbə idi və bu İsrailin başının məhkəmə dəyişikliklərinə qarışdığı, xalqın narazı olduğu anda baş verməsi, Netanyahunun quru hücumundan öz imicini bərpa etmək və əsirləri qaytarmaq  üçün vaz keçməsini imkansız edir. Müvəqqəti atəşkəs artıq keçmiş bir xatirədir.


DİGƏR YAZILAR