Politicon.co
Belarus və İran arasındakı yeni təmasların arxasında nələr dayanır?
İran Parlamenti sözcüsü Əli Laricani 7 sentyabr 2018-ci ildə Minskdə Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşmüşdür. Bu, Belarusun Qərblə yaxınlaşmaya başlamasına görə son dörd il ərzində xeyli zəifləmiş ikitərəfli münasibətlər üçün əhəmiyyətli bir səfərdir.
Görüşlə bağlı rəsmi açıqlamalar artıq Belarus mediasında çoxsaylı müzakirələrə səbəb olmuşdur. Əvvəlcə, Belarus prezidenti ənənəvi olaraq iki ölkə arasında qarşılıqlı ticarət dövriyyəsinin çox aşağı səviyyəsindən şikayətlənib. Lukanşenkoya görə ticarət dövriyyəsi 1 milyard dollar həcmində ola bilər və olmalıdır. Bu məbləğ, Belarusun Asiya, Afrika və Latın Amerikasından olan hər hansı bir ölkə ilə münasibətləri, real iqtisadi vəziyyətdən və perspektivlərindən asılı olmayaraq rəsmi bəyanatlarında artıq sehrli bir rəqəmə çevrilmişdir. İran nümunəsi də istisna deyil. Aşağıdakı cədvəl 2011-2016-cı illərdə Belarusun İranla bağlı ixrac və idxal dinamikasını nümayiş etdirir (milyon ABŞ dolları ilə):
2011 | 2012 | 2013 | 2014 | 2015 | 2016 | |
İxrac | 129.8 | 111.5 | 46.2 | 96.9 | 58.6 | 72.4 |
İdxal | 8.9 | 9.1 | 9.6 | 9.8 | 11.7 | 5.6 |
Ümumi | 138.7 | 120.6 | 55.8 | 106.7 | 70.3 | 78 |
Ancaq, ən maraqlı nəticələr 2017-ci ilə aiddir. Belarusun İrana ixracı eyni həcmdə (72,4 milyon ABŞ dolları) qaldığı halda, İrandan Belarusiyaya idxal gözlənilmədən 81,8 milyon ABŞ dollarına çatdı. Belarus bazarında belə bir kəskin yaxşılaşmanın səbəblərini tapmaq üçün edilən hər hansı bir cəhd böyük çətinliklərlə üzləşir. Belarus rəsmi statistikası detallı mal sinifləndirməsini təqdim edir. Bununla belə 81,8 milyon ABŞ dollarından yalnız 21,497 milyonun izini tapmaq mümkündür.
Ola bilsin ki, tapılmayan 60 milyon ABŞ dolları (ümumi idxalın təxminən 75 faizi) 2017-ci ilin fevral ayında İran neftinin Belarusa iddia edilən ixracı ilə əlaqədardır. Rəsmi mətbuata açıqlamasında İran Milli Neft Şirkəti, İranın Neft Naziri Bican Zangenehin sözlərini sitat gətirmişdir. Onun sözlərinə görə, Belarus İrandan iki karqo ilə 2 milyon barel neft almışdir. Digər mənbələr, Belarus neft şirkəti “Beloyl Polska”nın (Polşada qeydiyyatdadır) aldığı 600 min barel yüngül və ağır neft barəsində xəbərlər yaymışdır. Bu məsələ ilə əlaqədar əlavə məlumatlar yoxdur. İran Milli Neft Şirkətinin rəsmi səhifəsi Belarus ilə əməkdaşlığı haqqında hər hansı əlavə məlumat göstərmir. Görünən odur ki, bu neft (ümumiyyətlə alınıbsa) heç Belarusa daxil olmayıb. Bunun baş verməsinin səbəbləri az-çox aydındır. Satınalma Rusiya ilə enerji konflikti çərçivəsində Rusiyadan Belarus neftayırma zavodlarına tam neft tədarükü üçün təminatların qeyri-müəyyən olduğu dövrdə baş vermişdir. Bəzi ekspertlər hesab edirlər ki, alternativ tədarükçülər Belarus tərəfindən Rusiya ilə danışıqlarda öz mövqelərini yaxşılaşdırmaq üçün istifadə edilir. Digərlərinin fikrincə, xam neft tədarükü Belarus neft məhsullarının və ya Belarus tərəfindən yenidən satılan Rusiya xam neftinin alıcıları ilə əvvəlcədən bağlanmış müqavilələrə əməl etməli olan Belarus elitasının dar bir qrupu üçün zəruri idi.
Problem qiymətdən qaynaqlanır. Belarus təbliğatı Rusiyaya alternativ neft tədarükünün qarşısını aldığı üçün Moskvanı günahlandırırdı. Logistika problemlərini nəzərə alsaq, Venesuela, Azərbaycan və ya İrandan xam neft idxal etmək cəhdləri qiymət məsələsinə görə uğurlu olmamışdır. Beləliklə, İran neftinin hər barelinin Rusiya neftindən ən azı 10 ABŞ dolları daha baha olduğu ortaya çıxdı. Odur ki, nəzərdən keçirilən neftin heç alınmadığı və ya dərhal Polşaya satıldığı ehtimalı istisna edilə bilməz.
Belarusun İran xam neftini almaq istəyi məsələsi, Lukaşenkonun Laricani ilə görüşü zamanı da müzakirə olundu. Bu müzakirələr yeni Rusiya-Belarusiya enerji mübahisələri zamanı ilə üst-üstə düşdü. Bundan əlavə, sentyabrın 21-də Lukaşenko ilə Vladimir Putin arasında görüşün keçirilməsi planlaşdırılır. Bununla belə, Belarusun yeni mümkün neft tədarükçüləri barədə verdiyi açıqlamalarının Moskvaya çox az təsiri olduğu görünür. Rusiya ekspertləri çox yaxşı bilir ki, heç bir ölkə Belarusa Rusiya kimi neft və qaz tədarükünün sərfəli şərtlərini təklif edə bilməz. ABŞ-ın Tehrana qarşı tətbiq etdiyi yenilənmiş sanksiyaları çərçivəsində Belarus tərəfindən İran xam neftinin alınması riskini alması da çox az ehtimal olunur. Belə bir addım Vaşinqtonda yalnız mənfi reaksiya doğurar və Moskva tərəfindən dəstəklənməzdi.
Güman ki, Minsk, problemli ölkələrlə münasibətlərdə Rusiyanın köməkçi vasitəçisi kimi ənənəvi rolunu oynamağa davam edəcək. İraq məsələsi buna yaxşı bir nümunə ola bilər. 2014-cü ildə Qərbin Rusiyaya qarşı sanksiyalarından dərhal sonra, Belarus gözlənilmədən İraqla əlaqəlarini intensivləşdirmişdi. Belarus Xarici İşlər Naziri Vladimir Makey İraqa iki dəfə səfər etmişdi (halbuki 2003-2014-cü illərdə ümumiyyətlə bu səviyyədə ziyarətlər olmamışdı). Mütəxəssislər bu ziyarətlərin yeni sanksiyaların ikili münasibətlərə, xüsusilə Rusiyanın İraqa silah təchizatına təsir etməyəcəyi barədə rəsmi Bağdadı inandırmağa çalışan Rusiya tərəfindən təşviq edildiyini düşünürlər. Məsələn, 2014-cü ildə İraq tərəfindən satın alınmış Rusiyanın 6 SU-25 təyyarəsi əvvəlcə Belarus məhsulları kimi təqdim olunmuşdu.
Güman edə bilərik ki, İranla bağlı məsələ 2014-cü ilin İraq nümunəsinə olduqca bənzəyir. Belarus, Amerikanın Tehrana qarşı tətbiq etdiyi sanksiyaların yenilənməsindən sonra da Rusiyanın İranla hərtərəfli əməkdaşlığını təmin etmək üçün əlavə vasitəçi rolunu oynayır. Belə bir rol Lukeşenkonun Putinlə görüşlərindəki mövqelərini gücləndirəcəkdir. İran xam neftinin Belarusa ixracı perspektivləri qeyri-real görünür və əsasən təbliğat xarakteri daşıyır.
- MÖVZULAR :
- Enerji
- Xarici siyasət
- BÖLGƏLƏR :
- Şərqi Avropa
- Yaxın Şərq və Şimali Afrika
- Rusiya və MDB