Politicon.co
Qazaxıstanda islahatlar: “eşidən dövlət” konsepsiyası
Son dövrlərdə Orta Asiyada gərginləşən siyasi şəraitə uyğunlaşmaq, mümkün xarici və daxili təhdidlərə cavab vermək və manevr qabiliyyətini yüksəltmək üçün bir sıra dövlətlər islahatlar aparmağa qərar verdi. Regionun əsas güclərindən sayılan Qazaxıstan da öz təhlükəsizliyini təmin etmək, daha effektiv idarəetmə həyata keçirmək üçün yeni islahatlarla bağlı yol xəritəsi hazırladı. Orta Asiyada artan Taliban təhlükəsini nəzər alsaq, bu addımların atılması Qazaxıstanda təhlükəsizlik sistemini daha da gücləndirmək, sabitliyi bərqərar etmək üçün atılması önəmli olan addım idi.
10 yanvar 2021-ci ildə Qazaxıstanda parlamentə və maslixatlara (yerli özünüidarəetmə orqanları) seçkilər keçirilib. Elektoral kampaniyanın nəticələrinə görə, üç siyasi partiya – “Nur Otan” (76 mandat), "Ak Jol" (12 mandat) və Qazaxıstan Xalq Partiyası (10 mandat) parlamentin aşağı palatasının tərkibini formalaşdırıb. Öz növbəsində, seçkidə ümumi seçici fəallığı 63,3% təşkil edib.
Seçkilərdən bir gün sonra Qazaxıstan Xalq Assambleyasından parlamentə seçiləcək 9 millət vəkilinin də adı məlum oldu. Qazaxıstanda fəaliyyət göstərən sahibkar, ictimai xadim və Qazaxıstan Azərbaycanlıları Assosiasiyasının sədri Əbilfas Xamedov da seçilmiş deputatlar arasındadır.
Seçkilərin nəticələri və təqdim olunan seçkiqabağı platformalar göstərdi ki, dövlətin strateji oriyentasiyası sosialyönümlü mövqeyə malikdir.
2021-ci il seçkilərinin keçirilməsindən əlavə digər əlamətdar hadisə - Qazaxıstanın 30 illik müstəqilliyi də qeyd olunur. Müstəqil olduqdan bu günə qədər Qazaxıstanda irimiqyaslı iqtisadi və siyasi islahatlar aparılmış və bu islahatlar ölkəyə 2012-ci ildə dünyanın 50 ən rəqabətqabiliyyətli ölkəsi qrupuna daxil olmağa imkan vermişdir. Bununla bərabər, ölkə iqtisadiyyatına 320 milyard dollardan çox birbaşa xarici investisiya yatırılmışdır. Onu da qeyd etmək lazımdır ki, Qazaxıstan biznes qurmaq və idarə etməyin asanlığına görə “Doing business” reytinqində 25-ci yerdədir. Əlavə olaraq, Qazaxıstanın da Azərbaycan kimi qlobal əhəmiyyətli nəqliyyat-logistika qovşağına çevrilməsi də onun iqtisadi potensialını böyük ölçüdə artırır.
Bundan başqa, 2021-ci ildə Semipalatin nüvə sınağı poliqonunun bağlanmasının 30 illiyi tamam olur. Bu qərar sayəsində Qazaxıstan nüvə silahının yayılmaması və tərksilah olunması uğrunda qlobal hərəkatın lideri kimi dünya səviyyəsində tanınıb və beləliklə, Suriya və digər gərgin bölgələrdə vasitəçi kimi fəaliyyət göstərə bilib.
Öz növbəsində, 20 mart 2019-cu ildə vəzifəsinin icrasına başlamış Prezident Qasım-Comərd Tokayev “eşidən dövlət” konsepsiyası çərçivəsində vətəndaş cəmiyyəti ilə demokratikləşməyə və qarşılıqlı fəaliyyətə yönəlmiş yeni islahatları davam etdirir. Bunun üçün dövlət planlaşdırma sisteminin, sosial sahənin yenidən formalaşdırılması, iqtisadiyyatın və biznes tənzimlənməsinin şaxələndirilməsi, məhkəmə və hüquq-mühafizə sistemlərinin islahatı, dövlət idarəçiliyi və dövlət xidmətlərinin yenidən qurulması məqsədi ilə islahatlar üzrə Ali Şura və Strateji Planlaşdırma və İslahatlar Agentliyi yaradılıb.
Prezident Tokayev tərəfindən islahatların aparılması göstərir ki, Nursultan Nazarbayevin 30 ilə yaxın rəhbərliyi nəticəsində Qazaxıstan beynəlxalq cəmiyyət tərəfindən tanınmış və bütün zəruri atributları olan suveren dövlət kimi formalaşsa da, hələ də respublikanın gələcək inkişafını məhdudlaşdıran və aradan qaldırılmasını tələb edən bir sıra problemli amillər mövcuddur.
Prezident Tokayevin islahatları aşağıdakılardan ibarətdir:
Siyasi islahatlar barədə üç paket:
Siyasi islahatların birinci paketi 20 dekabr 2019-cu ildə Milli İctimai Etimad Şurasının iclasında təqdim edildi. Paket sayəsində siyasi partiyaların yaradılması üçün qeydiyyat baryeri iki dəfə azaldılıb (40 mindən 20 minə qədər); partiya siyahılarında qadınlar və gənclər üçün 30% kvota tətbiq edilib; parlament müxalifəti anlayışı qanunla rəsmiləşdirilib; mitinqlər haqqında yeni qanun qəbul edilib.
Siyasi islahatların ikinci paketi 1 sentyabr 2020-ci ildə Qazaxıstan prezidentinin illik mesajında təqdim edildi. Dövlət başçısı 2021-ci ildən başlayaraq tədricən kənd sədrliyinə seçkilərin keçirilməsinə, insan hüquqlarının qorunması mexanizmlərinin möhkəmləndirilməsinə xüsusi diqqət yetirildiyini bildirdi.
Prezident tərəfindən təklif olunan üçüncü siyasi islahatlar paketi 15 yanvar 2021-ci ildə özünü göstərdi. Siyasi partiyalar üçün parlamentdə təmsil olunmaq üçün bariyer 7%-dən 5%-ə qədər azaldıldı; seçki bülletenlərində "heç biri" seçiminin aradan qaldırılması; kənd akimləri (sədrlik) seçkiləri keçirildikdən sonra rayon akimləri seçkilərinin keçirilməsi; qanuni olaraq onlayn ərizə (petisiya) institutunun rəsmiləşdirməsi; İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) haqqında ayrıca qanunun qəbul edilməsi və Ombudsman aparatının gücləndirməsi; gənclərin inkişaf indeksinin işlənib hazırlanması və tətbiq edilməsi məhz bu islahatlar paketinin əsas maddələridir.
Qanunun aliliyinin təmin edilməsi və vətəndaşların hakimiyyətə inamının möhkəmləndirilməsi barədə islahat. Bu sahədəki islahatlar sistemin mərkəzsizləşdirilməsini və dövlət aparatının modernləşdirilməsini, kvazidövlət sektorunun optimallaşdırılmasını, bütün prosesin rəqəmsallaşdırılmasını, eyni zamanda korrupsiyaya qarşı mübarizəni nəzərdə tutur. Bu, dövlət aparatını daha yığcam, şəffaf və səmərəli edəcək. Eyni zamanda, məhkəmə sisteminin işi müasirləşdiriləcək və hüquq-mühafizə orqanlarının işi maksimum dəyişdiriləcəkdir.
İqtisadi islahatlar. Vergi Məcəlləsinin yüngülləşdirilməsi, işgüzar fəallığın və rəqabətin stimullaşdırılması üçün yoxlamalar aparılacaq. Əsas diqqət kiçik və orta biznesin dəstəklənməsinə yönəldilir. Başlanan özəlləşdirmə proqramının başa çatdırılması nəzərdə tutulur. Sahibkarlıq sinfinin mövqeyi dövlət aktivlərinin özəlləşdirilməsi yolu ilə 2025-ci ilə qədər əhəmiyyətli dərəcədə möhkəmlənəcək. "Xalq IPO" proqramı bərpa olunacaq ki, qazaxıstanlılar milli sərvətin bir hissəsini əldə edə bilsinlər və Qazaxıstan iqtisadiyyatının inkişafına öz töhfələrini versinlər.
Sosial siyasət islahatı. Burada ən vacib məsələ müxtəlif sosial qruplar və regionlar arasında təhsil keyfiyyətində boşluğu azaltmaqdır. Səhiyyə sisteminin modernləşdirilməsi və sosial təminat siyasətinin yenidən başlanması həyata keçiriləcəkdir. Bununla yanaşı, ədalətli, dayanıqlı və insanların maraqlarına cavab verən pensiya sisteminə də diqqət yetiriləcəkdir. Hazırlanan Sosial Məcəllə bu mühüm sahənin aktual məsələlərinə kompleks cavab verməlidir.
Gənclər siyasəti islahatı. Bu istiqamətdə könüllü hərəkatın inkişafı və onun enerjisinin lazımi məcraya yönəldilməsi istiqamətində işlər davam etdiriləcəkdir. İstedadlı gənclər üçün elm, mədəniyyət və müasir yaradıcılıq sahələrində Milli Təhsil Mərkəzi yaradılır ki, burada gənclər sahənin ən yaxşı peşəkarlarından xüsusi kurslar və master-klasslardan yararlansınlar. “Astana Hub” texnoparkının bazasında gənclərin müxtəlif ideya və layihələrin həyata keçirilməsi üçün kollektiv əməkdaşlıq platforması da işə başlama mərhələsindədir.
Bütün sadalanan islahat xəritəsindən və aparılan müvafiq işlərdən məlum olur ki, rəsmi Astana regionda öz mövqeyini gücləndirmək, eləcə də iqtisadi, siyasi və sosial proseslərdə daha aktiv iştirak etmək üçün bu cür addımların nə qədər önəmli olduğunu anlayır. Ən əsas diqqət yetirilməli olan məqam budur ki, Qazaxıstanda başlayan islahat dalğası yaxın gələcəkdə digər Orta Asiya ölkələrinə də bu məsələdə təkan verə, regionda sabitliyin təmin olunması problemini önəmli ölçüdə həll edə bilər. Məhz bu halda region ölkələri arasında ticarət, nəqliyyat infrastrukturu, sosial və siyasi sahələrdə ahəng yarana bilər.
- ETİKETLƏR :
- Qazaxıstan
- idarəetmə
- islahatlar
- MÖVZULAR :
- Daxili işlər
- İdarəçilik
- BÖLGƏLƏR :
- Mərkəzi Asiya